Sağlamlıq
İnsult zamanı ilk yardım
Sağlamlıq
66

İnsult zamanı ilk yardım qaydaları açıqlanıb

“Tibb” ASC-nin (Akademik Roytberq Klinikası) nevroloqu Qalina Çudinskaya bildirib ki, başqalarının vaxtında göstərdiyi kömək insult keçirən insanın həyatını xilas edə və sonrakı reabilitasiyanı xeyli asanlaşdıra bilər.

E-saglam.az xəbər verir ki, Çudinskayanın sözlərinə görə, “Üz, nitq və əllə insultu tanı” adlı sadə texnika vəziyyəti erkən müəyyən etməyə kömək edir:

“Əgər insan bərabər şəkildə gülümsəyə bilmirsə, hər iki qolu qaldırmağa çalışarkən bir əli aşağı düşürsə və ya nitqi anlaşılmaz, ləng olur, dərhal hərəkətə keçmək lazımdır”.

Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, təcili yardım çağırmaq və simptomların başladığı dəqiq vaxtı xatırlamaq vacibdir. Həkimin sözlərinə görə, bu məlumat müalicə seçimi üçün həyati əhəmiyyət daşıyır, çünki tromboliz adlanan müalicə üsulu yalnız ilk 4,5 saat ərzində təsirli olur.

Təcili yardım gələnə qədər xəstəni təhlükəsiz vəziyyətdə yerləşdirmək lazımdır:

- əgər şüuru açıqdırsa, başı bir qədər qaldırılmış şəkildə arxası üstə uzadılmalıdır;

- əgər şüuru bağlıdırsa, qusmanın qarşısını almaq üçün yan çevrilməlidir.

Bundan əlavə, insanın yaxası boşaldılmalı, otağa təmiz hava buraxılmalı, nəbz və tənəffüs daimi izlənilməlidir.

Həkim xəbərdarlıq edib ki, insultdan şübhələnilən şəxsə su, yemək, dərman, spirt, qəhvə və ya enerji içkiləri vermək qəti qadağandır, çünki bu, vəziyyəti ağırlaşdıra bilər.

“İflic olmuş əzaları masaj etmək və ya yoğurmaq da olmaz — bu, qan dövranını yaxşılaşdırmır, əksinə, əlavə zədələnmələrə səbəb ola bilər,” — deyə Çudinskaya əlavə edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun