Qışın gəlişi ilə birlikdə qripə yoluxma halları yenidən artmaqdadır. Yeni araşdırmalar göstərir ki, xəstəliyin yayılması təkcə soyuq hava ilə deyil, həm də qan qrupu ilə sıx bağlıdır. Alimlərin qənaətinə görə, bəzi qan qruplarının sahibləri qripə yoluxmağa daha meyllidirlər.
E-saglam.az-ın xəbər verir ki, soyuq hava, quru öskürək, yorğunluq və yüksək hərarət... Qışın gəlişi ilə milyonlarla insan yenidən bu kimi şikayətlərlə üzləşir. Mütəxəssislərin fikrincə, qripin yayılmasının artması təkcə hava şəraitinin dəyişməsi ilə bağlı deyil. Son elmi araşdırmalar göstərir ki, qan qrupu da qripə yoluxma ehtimalına təsir göstərə bilər.
A və AB qan qrupları daha risk altındadır
Araşdırmalara görə, A və AB qan qrupuna sahib şəxslər qrip virusuna daha həssas olurlar və adətən xəstəliyi daha ağır keçirirlər. Əksinə, O qan qrupu olan insanlarda immun sistemi daha güclü sayılır və onlar qripə qarşı daha davamlı olurlar. Alimlər bunu qan hüceyrələrinin səthindəki antigen fərqləri ilə izah edirlər — A və AB qruplarındakı antigenlər virusun hüceyrələrə daha asan bağlanmasına şərait yaradır.
Uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar xüsusilə həssas qrupda sayılır. C vitamini, sink və antioksidantlarla zəngin qidalanma, kifayət qədər yuxu və maskadan istifadə isə qorunmada mühüm rol oynayır.
Həkimlər A və AB qan qrupuna sahib şəxslərə xəbərdarlıq edirlər: sıx qapalı yerlərdən uzaq durun, immuniteti gücləndirən qidalar yeyin, müntəzəm yatın və zərurət olduqda peyvənd vurdurun.
Tərcümə: Fəxriyyə Adil