Terapist Nafiset Xaçmafova "RIA Novosti"yə verdiyi müsahibəsində orqanizmdə vitamin çatışmazlığını göstərən əsas simptomlardan danışıb.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, vitamin çatışmazlığının ilk əlaməti qeyri-adi yorğunluqdur.
“Əgər siz işdə əvvəlki qədər iş görürsünüz, amma hər dəfə özünüzü daha gücsüz hiss edir və əhvalınız pisləşirsə, bu, vitamin çatışmazlığından xəbər verə bilər. Bundan əlavə, əsəblilik, yuxu pozğunluğu və soyuqdəymələrə qarşı artan həssaslıq da müşahidə oluna bilər,” – deyə Xaçmafova izah edib.
Həkim həmçinin vitamin çatışmazlığının digər əlamətlərini də sadalayıb:
- A vitamini çatışmazlığı dərinin və gözlərin quruması, həmçinin dodaqlarda və ağız bucaqlarında çatlarla özünü göstərir.
- B qrupu vitaminlərinin azlığı zamanı dırnaqlar kövrəkləşir, saç tökülməsi baş verir və dəridə dermatit əmələ gələ bilər.
- B12 vitamini və fol turşusu çatışmazlığı zamanı az fiziki yüklənmə ilə belə halsızlıq və təngnəfəslik yaranır, dəri isə solğunlaşır.
- D vitamini çatışmazlığı isə fiziki dözümlülüyün azalması, əzələ və oynaq ağrıları, əhval dəyişkənliyi və yuxu pozğunluğu ilə müşayiət olunur.
Bundan əvvəl qastroenteroloq Olqa Yermoşina qəbizliyin öhdəsindən gəlmək yollarını açıqlamışdı. Onun sözlərinə görə, bunun üçün ilk növbədə qidalanma rejimini yenidən nəzərdən keçirmək lazımdır.
Tərcümə: Nəzrin Abbas