Sağlamlıq
Lazımsız antibiotik istifadəsi sepsisə
Sağlamlıq
122

Lazımsız antibiotik istifadəsi sepsisə səbəb ola bilər

Enfeksiya xəstəlikləri və mikrobiologiya üzrə mütəxəssis Prof. Dr. Nuriye Taşdelen Fışgın, antibiotiklərin nəzarətsiz istifadəsinin ciddi fəsadlara, o cümlədən sepsisə yol aça biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, sepsisin inkişafı çox vaxt gec diaqnoz qoyulması və ya antibiotiklərin düzgün seçilməməsi ilə əlaqəlidir. Lakin lazımsız və yarımçıq antibiotik qəbulu, bakteriyaların bu dərmanlara qarşı müqavimət (rezistentlik) qazanmasına səbəb olur ki, bu da sepsis riskini artırır.

Sepsis nədir?

Prof. Fışğın izah edib ki, sepsis – bədəndə yaranan infeksiyanın qan dövranına keçməsi nəticəsində immun sisteminin həddindən artıq reaksiya verməsi ilə inkişaf edən, həyat üçün təhlükəli bir vəziyyətdir.

Xüsusilə 1 yaşdan kiçik uşaqlar, yaşlılar və hamilə qadınlar risk qrupuna daxildir. Sepsisin ilkin əlamətləri arasında:

- halsızlıq, üşütmə və titrətmə,

- yüksək hərarət və ya bədən istiliyinin düşməsi (hipotermiya),

- sürətli ürək döyüntüsü və nəfəsalma,

- nəfəs darlığı,

- sidiyin azalması,

- zehni qarışıqlıq və diqqət zəifləməsi kimi simptomlar sadalanır.

İnfeksiyanın mənşəyinə görə əlamətlər dəyişə bilər. Məsələn, sidik yolu infeksiyası zamanı yanma hissi, bulanıq və ya qanlı sidik kimi əlamətlər müşahidə oluna bilər.

Kimlərdə daha çox görülür?

Mütəxəssis bildirib ki, sepsisə ən çox zöhrəvi və sidik yolu infeksiyaları, sətəlcəm, qarın içi infeksiyalar, yanıq və dəri infeksiyaları səbəb olur. Yaşlı insanlarda və immun sistemi zəif olan şəxslərdə bu risk daha yüksəkdir. Eyni zamanda, cərrahi əməliyyatlardan sonra yaranan xəstəxana infeksiyaları da sepsisə gətirib çıxara bilər.

Diaqnoz və müalicə:

Prof. Fışğın qeyd edib ki, sepsisdən şübhələnildikdə xəstədən ətraflı anamnez alınmalı, qan analizləri və infeksiya göstəriciləri yoxlanmalıdır. Həmçinin qaraciyər, böyrək, oksigen səviyyəsi və qanın laxtalanma göstəriciləri qiymətləndirilməlidir. Lazım gəldikdə radyoloji müayinələr aparılır.

Sepsis zamanı çoxlu orqan çatışmazlığı və qanın laxtalanma pozğunluqları yarana bilər. Buna görə də xəstənin vəziyyətindən asılı olaraq stasionar və ya reanimasiya şəraitində müalicə tələb oluna bilər.

Müalicə əsasən infeksiyanın mənbəyinə uyğun antibiotiklərdəstək terapiyası üzərində qurulur. Əvvəlcə infeksiya nəzarət altına alınır, sonra isə zədələnmiş orqanların funksiyası bərpa edilir.

Necə qorunmalı?

Sepsisin qarşısını almaq üçün mütəxəssis aşağıdakıları tövsiyə edir:

  • Özbaşına antibiotik qəbul etməmək,

  • Həkim tərəfindən yazılan müalicə kursunu yarımçıq saxlamamaq,

  • Enfeksiya əlamətləri olduqda dərhal həkimə müraciət etmək,

  • Sağlam və balanslı qidalanmaq,

  • İmmuniteti gücləndirmək üçün müntəzəm idmanla məşğul olmaq.

Prof. Dr. Fışğın vurğulayıb ki, antibiotiklər yalnız düzgün istifadə edildikdə həyat qurtarır, lazımsız istifadə isə ölümcül nəticələrə səbəb ola bilər.


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun