Uzmanlar bildirirlər ki, gündəlik qidalanmaya zəncəfilin daxil edilməsi həm immuniteti gücləndirir, həm də bir çox xəstəliklərin qarşısını almağa kömək edir. Tərkibindəki gingerol, şogaol və zingeron kimi maddələr sayəsində bu bitki orqanizmdə güclü antioksidant və iltihabəleyhinə təsir göstərir.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zəncəfil xüsusilə soyuqdəymə, qrip, boğaz ağrısı və öskürək zamanı bədəni isidir, tənəffüs yollarını açır və bərpa prosesini sürətləndirir. Həmçinin, mədə narahatlıqları, qaz və şişkinlik kimi problemlərin qarşısını almaqda da təsirlidir.
Aparılan araşdırmalar zəncəfilin qan dövranını yaxşılaşdırdığını, xolesterin və qan şəkərini azaltdığını, həmçinin maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək etdiyini göstərir.
Bununla yanaşı, zəncəfilin beyin funksiyalarını dəstəklədiyi və Alzheimer kimi neyroloji xəstəliklərin riskini azaltdığı da vurğulanır.
Həkimlər bildirirlər ki, zəncəfildən çay, toz və ya təzə formada istifadə etmək mümkündür. Lakin mədə xəstəliyi olan və qan durulducu dərman qəbul edən şəxslər bu bitkidən istifadə edərkən ehtiyatlı olmalıdırlar.
Nəzrin Abbas