Xəstəliklər
Bağırsaq xərçəngi özünü necə göstərir — onkoloq
Xəstəliklər
168

Bağırsaq xərçəngi özünü necə göstərir — onkoloq xəbərdarlıq edir

Kolon (kolorektal) xərçəngi – alt bağırsağa təsir edən bədxassəli şişdir. O, ən çox yoğun bağırsaq və düz bağırsaqda yaranır və xəstəliyin 70 faizi yalnız III və IV mərhələlərdə aşkarlanır.

E-saglam.az xəbər verir ki,  SM-Klinikasının onkoloqu və kimyaterapevti Rəsul Əhmədov “Mednovosti”yə açıqlamasında bu xəstəliyə diqqət yetirilməli olan əsas simptomları sadalayıb.

Mütəxəssisin sözlərinə görə, bağırsaq xərçənginin inkişafında əsas risk faktorları bunlardır:

- 50 yaşdan yuxarı olmaq,

- irsi meyillilik,

- siqaret və alkoqol kimi pis vərdişlər,

- balanssız və lifsiz qidalanma,

- artıq çəki və piylənmə.

Əhmədov əlavə edib ki, son illərdə qırmızı ətin və emal olunmuş ət məhsullarının (kolbasa və s.) müntəzəm istifadəsi də risk yaradır. Çünki bu məhsulların tərkibindəki kanserogenlər bağırsaq selikli qişasına zərər verərək xərçəngin inkişafını sürətləndirə bilər.

Bağırsaq xərçənginin əsas əlamətləri:

- qarın və ya çanaq nahiyəsində ağrılar,

- nəcisdə qan qarışıqları,

- arıqlama və iştahsızlıq,

- ümumi halsızlıq və zəiflik,

- uzunmüddətli qəbizlik və ya ishal,

- tez-tez və ağrılı defekasiya istəyi.

Onkoloq qeyd edir ki, vaxtında diaqnoz xəstəliyin müalicə uğurunda əsas rol oynayır. Profilaktika üçün 50 yaşdan sonra kolonoskopiya, nəcisdə gizli qan testi və şiş markerlərinə görə analizlər mütləq aparılmalıdır.

Əsas müalicə üsulu şişin cərrahi yolla çıxarılmasıdır. Şişin ölçüsünə və yerləşməsinə görə əməliyyat açıq və ya laparoskopik üsulla aparılır. Bəzi hallarda əməliyyatdan əvvəl və sonra kimyaterapiya tətbiq edilir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun