Axar suyun tərkibində çox sayda təhlükəli maddələr – kimyəvi birləşmələr, bakteriyalar və hətta viruslar ola bilər. Belə suyu içmək və yemək bişirmək üçün yararlı hala gətirmək məqsədilə su filtrlərindən istifadə tövsiyə olunur.
E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, kran suyu bəzən qurğuşun, civə, radium, nitratlar, kənd təsərrüfatı tullantıları və norovirus kimi zərərli maddələr daşıya bilər. Su filtrləri bu çirkləri təmizləməyə, suyun dadını və keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Filtrlərin növləri:
Su filtrləri müxtəlif formalarda olur. Sürahi tipli modellər suyu kömür və tor filtrlərindən keçirərək əsasən xlor və metal qalıqlarını təmizləyir. Onlar bakteriya və viruslara qarşı tam təsirli olmasa da, gündəlik istifadədə suyun dadını və qoxusunu xeyli yaxşılaşdırır.
Daha effektiv variant kimi kranın altına quraşdırılan və ya bütün ev üçün nəzərdə tutulan sistemlər göstərilir. Belə qurğular axar suyun evə daxil olduğu andan etibarən filtrasiya aparır və suyun daha yüksək səviyyədə təmizlənməsini təmin edir.
Mütəxəssislər qeyd edirlər ki, filtr seçərkən suyun tərkibini laborator şəraitdə yoxlatmaq vacibdir. Bu, hansı növ filtrin — mexaniki, kömürlü, membranlı və ya kompleks sistemin — daha uyğun olacağını müəyyənləşdirməyə kömək edir.
Tərcümə: Nəzrin Abbas