Perm Politexnik Universitetinin (PNRPU) alimləri toyuq, bildirçin, ördək və qaz yumurtalarının tərkibini müqayisə edərək, hansı növün daha faydalı olduğunu açıqlayıblar.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, toyuq yumurtası ən çox istehlak edilən növdür və tərkibindəki D və D3 vitaminləri, həmçinin fosfor, dəmir, sink və selenium sayəsində “şimal bölgələri üçün günəş əvəzedicisi” adlandırıla bilər. Onun tərkibindəki zülal bədən tərəfindən demək olar ki, tam udulur, sarısındakı xolesterin isə zərərli deyil – əksinə, hormonların və hüceyrə membranlarının sintezi üçün vacibdir. Mütəxəssislər sağlam böyüklərə gündə bir ədəd yumurta yeməyi tövsiyə edirlər.
Bildirçin yumurtaları pəhriz qidası kimi tanınsa da, alimlər onların xam halda tam təhlükəsiz olmadığını bildiriblər. PNRPU-nun professoru, tibb elmləri doktoru Larisa Volkova qeyd edib ki, bildirçin yumurtası da toyuq yumurtası kimi allergik reaksiyalara səbəb ola bilər. Bildirçinlərin yüksək bədən temperaturu (təxminən 42°C) onları salmonella bakteriyasından qorumur, çünki bu mikroorqanizmlər yalnız 55°C-dən yuxarı temperaturda məhv olur.
Bununla belə, bildirçin yumurtası toyuq yumurtasından bir neçə dəfə çox B vitamini, dəmir və fosfor ehtiva edir və kalorisi aşağıdır – 100 qramda təxminən 160 kkal.
Alimlər həmçinin qaz yumurtalarının da sağlamlıq üçün faydalı olduğunu vurğulayıblar. Onların tərkibində retinanı gücləndirən antioksidant – lutein var.
Ümumilikdə, mütəxəssislər bildiriblər ki, yumurtaları ev təsərrüfatlarından alarkən gigiyenik şəraitə diqqət etmək, yalnız etibarlı mənbələrdən əldə olunan və yaxşı bişirilmiş məhsullara üstünlük vermək lazımdır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az