Sağlamlıq
Metabolizmanı gücləndirməyin sadə
Sağlamlıq
112

Metabolizmanı gücləndirməyin sadə yolu açıqlandı

SJMSS: Oturaq vaxtını cəmi yarım saat azaltmaq metabolik sağlamlığı yaxşılaşdırır.

E-saglam.az xəbər verir ki, Finlandiyanın Turku Universitetinin alimləri müəyyən ediblər ki, gündə cəmi yarım saat az oturmaq orqanizmin yağ və karbohidratları enerji kimi istifadəetmə qabiliyyətini xeyli artırır. Araşdırmanın nəticələri Scandinavian Journal of Medicine & Science in Sports (SJMSS) jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, bu təsir metabolik elastikliyin bərpası ilə əlaqədardır – yəni bədənin ehtiyacdan asılı olaraq müxtəlif enerji mənbələri arasında çevik şəkildə keçid etmə bacarığı.

Tədqiqatda ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski olan 64 nəfər iştirak edib. Onların hamısı əvvəlcə oturaq həyat tərzi sürürdü. Növbəti altı ay ərzində iştirakçılardan oturma vaxtını azaltmaq, daha tez-tez ayağa qalxmaq, qısa gəzintilər etmək və ya gün ərzində yüngül hərəkətlər daxil etmək istənilib.

Nəticədə, gündə ən azı 30 dəqiqə az oturan iştirakçılarda metabolik göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onların bədəni yüngül fiziki fəaliyyət zamanı – məsələn, gəzərkən və ya pilləkən qalxarkən – yağ yandırmanı daha səmərəli həyata keçirməyə başlayıb. Ən güclü müsbət təsir isə artıq çəkili şəxslərdə müşahidə olunub.

Alimlər bildirirlər ki, metabolik sağlamlığı artırmaq üçün mütləq intensiv idmanla başlamaq vacib deyil. Sadəcə oturma müddətini bir qədər azaltmaq, nahardan sonra qısa gəzintiyə çıxmaq və ya iş arasında ayağa qalxmaq belə diabet və ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynaya bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun