Qida mütəxəssisləri qırmızı mərcinin sağlam qidalanmanın ayrılmaz hissəsi olduğunu və orqanizm üçün bir çox vacib faydaya malik olduğunu bildirirlər.
E-saglam.az xəbər verir ki, zülal, dəmir və liflə zəngin olan bu məhsul həm enerji mənbəyidir, həm də bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Qanazlığının qarşısını alır:
Qırmızı mərcinin tərkibində yüksək miqdarda dəmir və fol turşusu var. Bu maddələr qırmızı qan hüceyrələrinin yaranmasını dəstəkləyir, nəticədə anemiyanın (qanazlığının) qarşısını alır və bədəni enerjili saxlayır.
Beyin sağlamlığını qoruyur:
B qrupu vitaminləri ilə zəngin olan qırmızı mərc, sinir sistemi və beyin funksiyalarını gücləndirir. Mütəxəssislərin sözlərinə görə, mütəmadi mərc qəbulu yaddaşı yaxşılaşdırır və diqqət dağınıqlığını azaldır.
Ürək və damar sağlamlığını dəstəkləyir:
Qırmızı mərcin tərkibindəki lif və antioksidantlar xolesterinin səviyyəsini tənzimləyir. Bu isə ürək-damar xəstəlikləri riskini azaldır. Lifli qidalar həmçinin qan təzyiqini normallaşdırmağa kömək edir.
Zəifləmək istəyənlər üçün ideal qida:
Aşağı kalorili və yüksək zülallı olması səbəbindən qırmızı mərc arıqlamaq istəyənlər üçün ideal hesab olunur. Uzun müddət toxluq hissi yaradır və artıq yeməyin qarşısını alır.
Həzm sistemini yaxşılaşdırır:
Qırmızı mərcin tərkibindəki təbii pəhriz lifi bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır və mədə-bağırsaq sistemini sağlam saxlayır.
İmmuniteti gücləndirir:
Sink, maqnezium və antioksidantlarla zəngin olan bu məhsul immun sistemini möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
Mütəxəssislər qırmızı mərcin həftədə bir neçə dəfə menyuya daxil edilməsini tövsiyə edirlər. Onu şorba, salat və ya əsas yeməklərlə birlikdə qəbul etmək həm dadlı, həm də sağlam seçimdir.
Nəzrin Abbas