Sağlamlıq
Əllər titrəyir: titrəməyə nə
Sağlamlıq
21

Əllər titrəyir: titrəməyə nə səbəb olur?

Əksər insanlar həyatlarında az da olsa titrəmə ilə qarşılaşıblar — xüsusən uzunmüddətli stressdən, yorğunluqdan və ya spirtli içki qəbulundan sonra. Lakin əllərin titrəməsi (tremor) hər zaman zərərsiz deyil — bu, bəzi ciddi nevroloji və ya endokrin xəstəliklərin ilk əlaməti ola bilər.

E-saglam.az  xəbər verir ki, titrəmənin əsas növləri aşağıdakılardır:

1. Vacib (esensial) titrəmə:
Bu, ən çox rast gəlinən əl titrəməsi növüdür və müstəqil xəstəlik hesab olunur. 65 yaşdan yuxarı insanların təxminən 5%-ində müşahidə edilir. Adətən hər iki əlin titrəməsi ilə özünü göstərir və bəzən başın və ya bədənin digər hissələrinin titrəməsi ilə müşayiət olunur.

2. Parkinson tipli titrəmə:
Əzələlər tam rahat vəziyyətdə olarkən meydana gəlir. Əllər, dodaqlar, çənə və ayaqlarda titrəmə müşahidə edilə bilər. Əksər hallarda simptomlar əvvəlcə bədənin bir tərəfində başlayır. Bu, Parkinson xəstəliyinin ilkin mərhələlərində tez-tez görülür və xəstəliyin inkişafı ilə daha da güclənir.

3. Distonik titrəmə:
Əsasən distoniya adlanan hərəkət pozğunluqları fonunda yaranır. Qeyri-ritmik, yavaş, bükülmə hərəkətləri ilə xarakterizə olunur və insanın istəmədən qəribə duruşlar almasına səbəb ola bilər. Bu tip titrəmə genetik mənşəli ola bilər.

4. Beyin damar pozğunluqlarında titrəmə:
İnsult və ya beyin qan dövranı pozulmaları nəticəsində yaranır. Əlamətlərin xarakteri beyindəki zədələnmənin dərəcəsindən və sahəsindən asılıdır.

Əllər hansı hallarda "zərərsiz" səbəblərlə titrəyir?

Bəzi hallarda titrəmə fizioloji xarakter daşıyır və müvəqqətidir. Bu tip titrəmələr adətən aşağı amplitudludur və aşağıdakı hallarda baş verir:

  • Həddindən artıq fiziki və ya zehni yorğunluq

  • Uzun müddət eyni vəziyyətdə qalmaq

  • Psixoemosional gərginlik və stress

  • Həyəcan və qorxu halları

  • Spirt və ya bəzi dərman preparatlarının qəbulu

Nə vaxt narahat olmaq lazımdır?

  • Aydın şəkildə gözlə görünürsə,

  • Geniş hərəkət amplituduna malikdirsə,

  • Davamlı və ya təkrarlayıcı xarakter daşıyırsa,

  • Qollar, ayaqlar və ya baş kimi digər nahiyələrə də yayılırsa,
    bu, artıq patoloji titrəmə ola bilər.

Bu halda səbəbi müəyyənləşdirmək üçün nevroloqa müraciət etmək vacibdir.

Mümkün səbəblər:

  • Parkinson xəstəliyi

  • İnsult və beyin zədələnmələri

  • Periferik sinir sistemi pozğunluqları

  • Qaraciyər və böyrək çatışmazlığı

  • Böyrəküstü vəz xəstəlikləri

  • Qalxanabənzər vəz (tiroid) pozğunluqları

Əllərin titrəməsi hər zaman təhlükəli deyil, lakin uzunmüddətli və güclü titrəmə ciddi xəstəliyin xəbərçisi ola bilər. Özünüzdə və ya yaxınlarınızda bu əlamətləri müşahidə edirsinizsə, vaxt itirmədən nevroloqa müraciət edin.
Erkən diaqnoz – uğurlu müalicənin əsas açarıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun