ABŞ Milli Səhiyyə İnstitutlarının “Cell Metabolism” jurnalında dərc olunan araşdırmasına görə, gündəlik menyusu əsasən çox emal olunmuş qidalardan ibarət olan insanlar, minimal emaldan keçmiş qidalar yeyənlərə nisbətən hər gün orta hesabla 500 kalori daha çox qəbul edirlər.
E-saglam.az xəbər verir ki, çox emal olunmuş qidaların (hazır və ya qablaşdırılmış məhsullar, əlavə şəkər, təmizlənmiş karbohidratlar, sənaye yağları, dad və konservant maddələri ehtiva edən məhsullar) orqanizmə təsirini tədqiq edən ilk randomizə edilmiş, nəzarətli elmi tədqiqatdır.
Əvvəlki müşahidə tipli araşdırmalar çox emal olunmuş qidaların sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərsə də, bu, birbaşa səbəb-nəticə əlaqəsini sübut etmirdi. Yeni tədqiqat isə məhz bunu ortaya qoydu.
Araşdırmanın aparıcı müəllifi Kevin Hall bildirib:
“Bu, çox ciddi nəzarət altında aparılan eksperiment idi və nəticələr iki pəhriz arasında aydın fərqi göstərdi. İlk dəfə sübut olundu ki, çox emal olunmuş qidalar insanları artıq kalori qəbul etməyə və çəki artımına gətirib çıxarır”.
Tədqiqatda 20 sağlam könüllü (10 qadın, 10 kişi, orta yaş — 31) iştirak edib. Onlar 4 həftə ərzində araşdırma mərkəzində yaşayıblar. İki həftə ərzində yalnız çox emal olunmuş, digər iki həftə ərzində isə minimal emaldan keçmiş qidalar yeyiblər. Hər iki menyuda kalori, şəkər, lif, yağ və karbohidrat miqdarı eyni olub, lakin iştirakçılara istədikləri qədər yeməyə icazə verilib.
Emal olunmuş menyuya, keks, ağ çörək, şirin yoqurt, az yağlı çipslər, konservlər, emal edilmiş ət məhsulları, meyvə şirələri və dietik içkilər daxil idi.
Təbii menyuda isə təzə meyvə-tərəvəzlər, yumurta, paxlalılar, qızardılmış toyuq, balıq, mal əti, tam taxıllar, qoz-fındıq və toxumlar yer alırdı.
Nəticədə məlum olub ki, çox emal olunmuş qidalar yeyən iştirakçılar gündə orta hesabla 500 kalori artıq qəbul edib və cəmi iki həftəyə təxminən 1 kq çəki artımı müşahidə olunub.
Bundan əlavə, təbii qidalarla qidalananlarda iştahanı azaldan hormonların səviyyəsi yüksəlib, aclıq hissini stimullaşdıran qrelin hormonu isə azalıb.
Alimlər hesab edirlər ki, iki pəhriz arasında zülal miqdarındakı fərqlər qəbul olunan artıq kalorilərin təxminən yarısını izah edə bilər.
Tədqiqat müəllifləri bildiriblər ki, az emal olunmuş qidalar daha sağlam olsa da, onların hazırlanması üçün daha çox vaxt və maliyyə tələb olunur.
“Sadəcə insanlara sağlam qidalanmağı tövsiyə etmək bəzən kifayət etmir. Sağlam qidaya çıxışı asanlaşdırmaq da vacibdir,” – deyə tədqiqatçılar vurğulayıblar.
Tərcümə: Nəzrin Abbas