Faydalı
Uşaq oyuncaqlarını düzgün
Faydalı
24

Uşaq oyuncaqlarını düzgün seçməyin yolları

Psixoloq Nataliya Derbeneva xəbərdarlıq edir: yüksək səsli və parlaq işıqlı oyuncaqlar uşaqlarda aqressiya yarada bilər.

E-saglam.az xəbər verir ki, oyuncaqlar uşağın həyatının ayrılmaz hissəsidir. Lakin bu gün “doğru” oyuncağı tapmaq o qədər də asan deyil. Uşaq psixoloqu və Infant School Xamovniki uşaq bağçasının həmtəsisçisi Nataliya Derbeneva “Gazeta.ru”ya açıqlamasında oyuncaqların uşağın inkişafında oynadığı roldan və onları düzgün seçməyin yollarından danışıb.

Oyuncaqlar niyə vacibdir?

Oyun — uşağın əsas fəaliyyəti və dünyanı dərk etmə üsuludur. Oyuncaqlar isə bu prosesdə onun üçün bir növ “öyrənmə aləti” rolunu oynayır. Uşaq maşınla oynayarkən, kuklanı geyindirərkən və ya oyuncaq mətbəxdə “yemək bişirərkən” əslində real həyatı, ətraf mühiti və sosial rolları öyrənir.

Oyuncaqlar həm də uşağın emosional dostlarıdır — sevimli ayısı və ya kuklası ilə kədərini bölüşə, günün təəssüratlarını danışa bilər. Onlarla oynayaraq uşaq empatiya, ünsiyyət bacarığı və emosional zəkasını inkişaf etdirir.

Ən əsası, oyuncaq uşağın təxəyyülünü canlandırır. Çünki bir çox oyuncaq real əşyanın tam surəti deyil — bu isə uşağa öz fantaziyasını işlətmək üçün geniş imkan verir.

Hansı oyuncaqlar uşağa zərər verə bilər?

Təəssüf ki, bütün oyuncaqlar faydalı deyil. Bəziləri uşağın emosional vəziyyətinə və psixikasına mənfi təsir göstərə bilər.

Yaşa uyğun olmayan oyuncaqlar. Kiçik uşaqlar üçün çox hissəli və xırda detallar olan oyuncaqlar təhlükə yarada bilər.

Güclü səs və işıq effekti olan oyuncaqlar. Parlaq işıq və yüksək səs uşağın sinir sistemini həddindən artıq həyəcanlandıra, hətta aqressiv davranışlara səbəb ola bilər. Əgər uşaq belə oyuncaqlardan sonra əsəbi və aqressiv olursa, səbəbi məhz bu ola bilər.

Qorxunc və ya “şər” obrazlı oyuncaqlar. Cin, canavar, zombi kimi fiqurlar uşaqlarda qorxu, aqressiya və mənfi dəyərləri formalaşdıra bilər. Psixoloqun sözlərinə görə, bir uşağın aqressiv davranışı yalnız bu cür fiqurlar evdən çıxarıldıqdan sonra düzəlib.

Oyuncaqları necə düzgün seçməli?

Uşaqlar üçün faydalı oyuncaqları seçmək o qədər də çətin deyil. Bunun üçün aşağıdakı meyarlara diqqət yetirmək kifayətdir:

Tərkibi və materialı: Oyuncaqlar taxta, parça, kaoutçuk və ya pambıq kimi təbii materiallardan hazırlanmalıdır. Plastik oyuncaqlarda mütləq sertifikat olmalıdır.

Təhlükəsizlik: Qablaşdırmada “ТР ТС 008/2011” kimi təhlükəsizlik sertifikatı varsa, deməli, oyuncaq uşağa zərər vermir.

Yaş göstəricisi:

1 yaşa qədər — iri və rəngarəng çıngıraqlar, səsli və müxtəlif səthli oyuncaqlar;

1–3 yaş — kubiklər, top, maşın, yumşaq oyuncaqlar;

3–7 yaş — konstruktorlar, musiqi alətləri, fiqurlar, stolüstü oyunlar, peşə kostyumları.

Təxəyyülü inkişaf etdirən oyuncaqlar: Uşağa qurmaq, rəngləmək, geyindirmək, yumaq və ya bir neçə şəkildə oynamaq imkanı verən oyuncaqlar seçilməlidir.

Müsbət məna və öyrədici ideya: Oyuncaqlar uşağı sakitləşdirməli, marağını artırmalı və öyrənməyə təşviq etməlidir. Məsələn, STEM oyuncaqlar (konstruktorlar, mexaniki modellər və s.) yaradıcılığı və düşünmə qabiliyyətini inkişaf etdirir.

Valideyn diqqəti hər şeydən vacibdir:

Düzgün oyuncaq seçimi vacibdir, lakin heç bir oyuncaq valideynlə birgə keçirilən vaxtın yerini verə bilməz. Uşağın ən sevdiyi oyun — onunla birlikdə oynadığınız oyundur. Ona görə də, sevgi və diqqət, hər bir oyuncaqdan daha qiymətlidir.

Tərcümə: Nəzrin Abbaszadə

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun