Mütəxəssislər bildirir ki, su kəsintilərinin ardından ilk axan şəbəkə suyu sağlamlıq üçün təhlükəli ola bilər. Bu suyun birbaşa içilməsi və ya yemək hazırlığında istifadə edilməsi bağırsaq infeksiyaları, tifo, dizenteriya, hepatit A və E kimi xəstəliklərə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, Sağlıq Elmləri Universitetinin professoru Toker Ergüder qeyd edib ki, uzunmüddətli su kəsintilərindən sonra borularda yığılan tortu və mikroblar suyun bulanıq və çirkli gəlməsinə səbəb olur:
“Su verildikdən sonra ilk axan su bir müddət axıdılmalı, rəngi və qoxusu yoxlanılmalıdır. İçməli və yemək suyu kimi yalnız təhlükəsiz və ya qaynadılmış sudan istifadə edilməlidir”.
Ergüder həmçinin binalardakı su anbarlarının təmizlənməsi və filtrlərin baxımının mütəmadi aparılmasının vacibliyini vurğulayıb.
Ankara Şəhər Xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi Gülnur Kul isə bildirib ki, kəsinti zamanı və ya sonrasında gələn su mikroblarla çirklənə bilər:
“Belə suyun içilməsi, diş fırçalama və ya meyvə-tərəvəz yuma zamanı istifadə edilməsi tifo, kolera və hepatit kimi ciddi xəstəliklərə səbəb ola bilər.”
Kulun sözlərinə görə, su kəsintisindən sonra su bir neçə dəqiqə qaynadılmalı və ya xlorlanmalıdır:
“Bu, mikrobların böyük hissəsini məhv edir və infeksiya riskini azaldır”.
Mütəxəssislər vətəndaşlara xəbərdarlıq edirlər:
İshal, qusma, qarın ağrısı kimi əlamətlər yarandıqda dərhal həkimə müraciət edin.
Tərcümə: Nəzrin Abbas