Xəstəliklər
Uşaqlarda baş ağrısına diqqət! Ciddi xəstəliklərin
Xəstəliklər
91

Uşaqlarda baş ağrısına diqqət! Ciddi xəstəliklərin xəbərçisi ola bilər

Uşaq sağlamlığı üzrə mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlarda tez-tez baş ağrısı bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, Sanko Universiteti Tibb Fakültəsinin Uşaq Nevrologiyası kafedrasının müəllimi Dr. Hasan Kılıç bildirib ki, uşaqlarda baş ağrısı çox rast gəlinən hal olsa da, bəzi vəziyyətlərdə bu, şiş, infeksiya və ya sinir sistemi pozğunluqları kimi xəstəliklərə işarə edə bilər:

“Baş ağrıları uşaqlarda ümumiyyətlə zərərsiz olur, lakin bəzi hallarda ciddi xəstəliklərin xəbərçisi ola bilər. Valideynlərin məlumatlı davranması həm lazımsız narahatlığın qarşısını alar, həm də erkən diaqnoza imkan yaradar”.

Baş ağrısının səbəbləri:

Dr. Kılıç uşaqlarda baş ağrılarının iki əsas növü olduğunu bildirib:

Birincili baş ağrıları: Migren və gərginlik tipli ağrılar. Migren zamanı başın bir tərəfində döyünən ağrı, ürəkbulanma və qusma müşahidə oluna bilər.

İkincili baş ağrıları: Beyin şişi, görmə pozğunluğu, infeksiyalar və baş travması kimi ciddi səbəblərlə əlaqəli olur.

Mütəxəssis xəbərdarlıq edir ki, aşağıdakı simptomlar müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir:

Uşaq səhər ağrıyla oyanır və ya ağrı qusma ilə müşayiət olunur;

Ağrı gün ərzində getdikcə artır;

Baş zədəsindən sonra ağrılar başlayır;

Qızdırma, boyun tutulması, şüur pozğunluğu, qıcolma və ya görmə zəifliyi müşahidə edilir.

Diaqnoz və müalicə:

Dr. Kılıçın sözlərinə görə, həkim ağrının davametmə müddətini, təkrarlanma tezliyini və digər simptomları qiymətləndirir. Lazım gəldikdə göz müayinəsi, qan testləri və ya beyin MRT-si aparıla bilər.

Müalicə zamanı yetərli yuxu, düzgün qidalanma, bol maye qəbulu, ekran qarşısında vaxtın azaldılması və stressin idarə olunması əsasdır. Ağrı kəsicilər yalnız həkim məsləhəti ilə istifadə edilməlidir.

Valideynlərə tövsiyə:

“Uşağın baş ağrısı ilə bağlı gündəlik tutun — ağrının başlama vaxtı, davametmə müddəti və əvvəl nə yediyi kimi məlumatları qeyd edin. Əgər ağrıdan sonra yuxululuq, qusma və ya görmə pozğunluğu yaranırsa, bu barədə mütləq həkimə məlumat verin. Müntəzəm göz müayinələri aparın və lazım gələrsə, uşaq nevroloquna müraciət edin,” – deyə Dr. Kılıç qeyd edib.

Mütəxəssis vurğulayıb ki, uşaqlarda baş ağrısı çox vaxt keçici olsa da, bəzən ciddi xəstəliklərin ilk siqnalı ola bilər və vaxtında diaqnoz uşağın sağlam inkişafı üçün həlledici əhəmiyyət daşıyır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun