Mütəxəssislər xəbərdarlıq edirlər ki, havanın çirklənməsi yalnız tənəffüs yollarına deyil, həm də göz sağlamlığına ciddi zərər vurur.
E-saglam.az xəbər verir ki, oftalmoloq Dr. Mətin Süleymanzadə bildirib ki, çirkli havadakı zəhərli maddələr gözün “görünməz düşmənidir” — onlar gözün təbii nəm tarazlığını pozur, qoruyucu gözyaşı təbəqəsini zəiflədir və uzunmüddətli dövrdə görmə qabiliyyətinin azalmasına səbəb ola bilər.
İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, havanın çirklənməsi uşaqların görmə inkişafına mənfi təsir göstərir, təmiz hava isə miyopiyanın (uzaqgörməzliyin) qarşısını almağa kömək edir.
Dr. Süleymanzadə vurğulayıb ki, “havadakı mikroskopik hissəciklər göz yaşı ilə birləşərək gözün səthinə yapışır və bu da yanma, quruluq, qaşınma, qızartı və bulanıq görmə kimi əlamətlərə səbəb olur”.
Oftalmoloq əlavə edib ki, çirkli hava xüsusilə quru göz sindromu (DES) riskini artırır:
“Çirkli hava gözün nəmlik tarazlığını pozur, gözyaşının qoruyucu funksiyasını zəiflədir. Bu da ağrı, sancma, işığa qarşı həssaslıq və iltihaba gətirib çıxarır”.
Dr. Süleymanzadə havada olan dəm qazı, azot və kükürd dioksidi, asbest, benzol, qurğuşun və digər zəhərli maddələri göz üçün ən təhlükəli çirkləndiricilər adlandırıb.
Mütəxəssis vətəndaşlara tövsiyə edir ki, havanın çirklənməsinin yüksək olduğu günlərdə açıq havada qalmaqdan çəkinmək, gözləri qoruyan eynəklər taxmaq və nəm saxlayan göz damcılarından istifadə etmək göz sağlamlığını qorumağa kömək edə bilər.
Tərcümə: Nəzrin Abbas