Yeni araşdırmaya görə, ekoloji təmiz (üzvi) məhsullarla qidalanmaq daha uzun və sağlam həyat sürməyə kömək edir. Alimlər bildirir ki, belə pəhriz təkcə insan sağlamlığı üçün deyil, planet üçün də faydalıdır.
E-saglam.az xəbər verir ki, Amerika alimləri müəyyən ediblər ki, ekoloji baxımdan təmiz və balanslı pəhriz saxlayan insanların, qeyri-sağlam qidalar yeyənlərlə müqayisədə 30 ildən artıq müşahidə dövründə ölüm riski 25 faiz daha az olub.
Araşdırmaya görə, tam taxıllar, meyvələr, nişastalı olmayan tərəvəzlər, qoz-fındıq və doymamış yağlar həm sağlamlıq, həm də ətraf mühit üçün faydalı hesab olunur. Əvəzində yumurta, qırmızı və işlənmiş ət kimi məhsulların tez-tez istifadəsi mənfi təsir göstərir.
Yeni tədqiqatın nəticələri göstərir ki, üzvi qidaların istifadəsi xərçəng, ürək-damar, tənəffüs və sinir sistemi xəstəliklərindən ölüm riskini azalda bilər. Bu pəhriz həmçinin torpaq və su ehtiyatlarının qorunmasına, qida tullantılarının azalmasına və istixana qazı emissiyalarının minimuma endirilməsinə kömək edir.
Elm adamları bu məqsədlə Planetar Sağlam Pəhriz İndeksi (PHDI) adlı yeni göstərici hazırlayıblar. ABŞ-da aparılan 30 illik müşahidələr nəticəsində məlum olub ki, PHDI balı yüksək olan şəxslər arasında ümumi ölüm riski 25 faiz, ürək xəstəliklərindən ölüm riski 15 faiz, neyrodejenerativ xəstəliklərdən ölüm riski 20 faiz, tənəffüs xəstəliklərindən ölüm riski isə 50 faiz azdır.
Mütəxəssislər hesab edir ki, üzvi və ekoloji təmiz məhsulların seçilməsi həm fərdi sağlamlığı qorumaq, həm də iqlim böhranının qarşısını almaq üçün sadə, amma təsirli bir addımdır.
Tərcümə: Nəzrin Abbas