Beynəlxalq alimlər tərəfindən aparılan geniş tədqiqat göstərib ki, qadınların hamiləlikdən xeyli əvvəl təmizlik və dezinfeksiya vasitələri ilə daimi təması gələcək uşaqların sağlamlığına uzunmüddətli təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, tədqiqatda Şimali Avropa, Avstraliya və İspaniyadan olan alimlər 1962–1998-ci illər arasında doğulan 3,3 min nəfər və onların analarının məlumatlarını təhlil ediblər. Qadınların hamısı müəyyən dövrlərdə azı altı ay ərzində təmizlik və ya dezinfeksiya vasitələri ilə sıx təmasda olan işlərdə çalışıblar. Onların arasında peşəkar təmizlikçi qadınlar, eləcə də restoran işçiləri, tibb bacıları, aşpazlar, bərbərlər yer alıb.
Nəticələrə əsasən, hamiləlikdən iki il əvvəl bu cür kimyəvi maddələrlə tez-tez təmasda olan qadınların uşaqlarında 10 yaşına qədər bronxial astma diaqnozunun qoyulma ehtimalı 71 faiz daha yüksək olub. Maraqlıdır ki, bu risk yalnız hamiləlikdən əvvəl təmasda olan qadınlarda müşahidə edilib — hamiləlik dövründə və ya doğuşdan sonra bu işə başlayanlarda belə təsir qeydə alınmayıb.
Alimlər konkret kimyəvi maddələrin və təmizlik vasitələrinin növünü ayrıca araşdırmayıblar. Lakin 2015-ci ildə aparılmış başqa bir araşdırma göstərib ki, ağardıcılar, şüşə təmizləyiciləri və hava təravətləndiricilərindəki ammonyak astma simptomlarını ağırlaşdıra bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu kimyəvi maddələr cins hüceyrələrə təsir göstərərək, gələcək nəsillərə genetik dəyişikliklər ötürə bilər. Bu zaman uşaq, anası hamiləlik zamanı bu maddələrlə təmasda olmasa belə, tənəffüs orqanlarının pozulması ilə əlaqəli genləri irsi şəkildə ala bilər.
Tərcümə: Nəzrin Abbas