Trixoloq Yelena Yutsmyuts: “Boyamadan əvvəl hamilə qadınlar mütləq allergiya testindən keçməlidirlər”.
E-saglam.az xəbər verir ki, Rusiya Dəmir Yolları Tibb Mərkəzinin trixoloqu Yelena Yutsmyuts bildirir ki, hamiləlik dövründə saçlar bədənin digər hissələri kimi hormonal dəyişikliklərə məruz qalır.
Artan estrogen istehsalı saçların daha sürətlə uzanmasına və qalınlaşmasına səbəb olur. Progesteron hormonunun artması isə baş dərisində qan dövranını gücləndirərək saçlara canlılıq verir.
Həkimin sözlərinə görə, bu dəyişikliklər saç boyasına reaksiyaya da təsir edə bilər:
"Hormonal dəyişikliklərə görə saçın rəngi hamiləlikdən əvvəlkindən fərqli qəbul edilə bilər. Buna görə də saç boyamadan öncə bir test aparmaq vacibdir — bir saç telini rəngləyib nəticəyə baxın".
Hamiləlikdə saç boyamaq təhlükəsizdirmi?
Trixoloq Yelena Yutsmyuts xəbərdarlıq edir ki, hamiləliyin 11-ci həftəsinə qədər saç boyamaq məsləhət görülmür. Çünki bu dövrdə plasenta baryeri hələ tam formalaşmadığından, boyadakı kimyəvi maddələr qan dövranına keçərək dölə zərər verə bilər.
“Hamiləliyin ilk 11 həftəsində saç boyamaq həm ana, həm də körpə üçün risklidir. Boyadakı kanserogenlər və kimyəvi maddələr qan vasitəsilə dölə keçə bilər,” – deyə trixoloq vurğulayır.
11-ci həftədən sonra saç boyamaq mümkündür, lakin təhlükəsiz üsullar seçilməlidir. Məsələn:
- Balayaj texnikası – saçın yalnız bəzi tellərinin açılması və tonlanması;
- Xına və basma kimi təbii boyalar;
- Ammonyaksız və formaldehidsiz boyalar.
Həkim, həmçinin persulfat tərkibli, yəni çox zəhərli boyalardan uzaq durmağı məsləhət görür.
Tərcümə: Nəzrin Abbas