Payız və qış aylarında artan orta qulaq infeksiyaları xüsusilə uşaqlarda müvəqqəti eşitmə itkisinə səbəb ola bilər. Medipol Mega Universiteti Xəstəxanasının Qulaq, Burun və Boğaz Mütəxəssisi Prof. Dr. Ömər Faruk Çalım bu ümumi sağlamlıq probleminin səbəbləri, risk faktorları və profilaktika üsullarını izah edib.
E-saglam.az-ın məlumatına görə Prof. Dr. Çalım, orta qulağın hava ilə dolu bir boşluq olduğunu və bu boşluğun iltihabla dolması nəticəsində orta qulaq infeksiyasının yarana biləcəyini bildirib. O, orta qulağı burun boşluğuna bağlayan borunun struktur xüsusiyyətlərinə görə xüsusilə 6 aydan 2 yaşa qədər olan uşaqların risk altında olduğunu deyib.
Xəstəliyin payız və qış aylarında mövsümi olaraq artdığını qeyd edən Prof.Dr.Çalım, artan allergiya və polen, həmçinin hava çirkliliyi və siqaret tüstüsünün də xəstəliyi tətiklədiyini diqqətə çatdırıb.
Uşaqlarda orta qulaq infeksiyasının simptomlarına qulaq ağrısı, qulaq dartmaq, narahatlıq, tez-tez ağlama və yuxu pozğunluğu daxildir. Yetkinlərdə qulaqda təzyiq hissi və eşitmə itkisi daha çox olur.
Prof.Dr.Çalım özünü qorumağın yollarına da toxunaraq, siqaret tüstüsündən uzaq durmağın, xəstəlik zamanı izdihamlı mühitlərdən uzaq durmağın, müntəzəm sağlamlıq müayinələrinin vacibliyini vurğulayıb.
Tərcümə: Fəxriyyə Adil