Sağlamlıq
Mütəxəssislər: 40 yaşdan sonra hər qadın mammoqrafiya
Sağlamlıq
122

Mütəxəssislər: 40 yaşdan sonra hər qadın mammoqrafiya müayinəsindən keçməlidir

Atatürk Universiteti Tibb Fakültəsinin Ümumi Cərrahiyyə kafedrasının müəllimi, Prof. Dr. Müfide Nuran Akçay, Süd Xərçəngi Maarifləndirmə Ayı münasibətilə Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, qadınlar erkən diaqnoz və düzgün müalicə ilə döş xərçəngindən tamamilə xilas ola bilərlər.

E-saglam.az xəbər verir ki, Prof. Akçay vurğulayıb ki, 40 yaşdan yuxarı bütün qadınlar süd vəzilərinin müayinəsi və mammoqrafiya müayinəsindən keçməlidirlər:

"Bu, hər hansı potensial xəstəliyin erkən aşkarlanmasına və müalicə prosesinin daha uğurlu olmasına şərait yaradır".

Mütəxəssis qeyd edib ki, erkən diaqnoz və müalicə üçün KETEM (Xərçəngin Erkən Diaqnozu, Tarama və Tədris Mərkəzləri) və digər səhiyyə müəssisələrində mütəmadi müayinələr çox vacibdir.

Süd vəzi xərçəngi ən çox rast gəlinən onkoloji xəstəliklərdəndir.

Ümumi cərrah Prof. Dr. Erdem Karadeniz bildirib ki, döş xərçəngi həm Türkiyədə, həm də dünyada ən çox rast gəlinən xərçəng növlərindən biridir. Onun sözlərinə görə, xəstəliyin ölüm göstəricisinə görə ağciyər xərçəngindən sonra ikinci yerdə dayanması ciddi narahatlıq doğurur:

“Dünyada hər 11 dəqiqədən bir insan süd vəzi xərçəngindən həyatını itirir. Təkcə 2020-ci ildə ölkəmizdə 20–25 min yeni hal qeydə alınıb. Erkən diaqnoz həyati əhəmiyyət daşıyır — qadınlar menstruasiya dövrü bitdikdən sonra öz-özünə müayinəyə başlamalı, 40 yaşdan sonra isə hər il mammoqrafiya və ultrasəs müayinəsindən keçməlidirlər”.

Karadeniz əlavə edib ki, genetik meyllilik, artıq çəki, alkoqol istifadəsi və gec menopauza dövrü xəstəlik riskini artırır.

Mammoqrafiya – erkən diaqnozda ən güclü vasitədir.

Ümumi cərrah Dos. Prof. Dr. Murat Kartal da erkən diaqnozun süd vəzi xərçənginin uğurlu müalicəsində əsas rol oynadığını bildirib.

“Mammoqrafiya müayinə proqramlarında ən təsirli vasitədir. Təxminən hər 100 süd vəzi xərçəngindən 85–90-ı məhz mammoqrafiya vasitəsilə müəyyən edilə bilir,” – deyə Kartal qeyd edib.

Onun sözlərinə görə, xərçəngin erkən mərhələdə aşkarlanması qadının həyat keyfiyyətini yüksəldir, müalicə müddətini qısaldır və döşün tam çıxarılmadan, yalnız şişin götürülməsi ilə daha az aqressiv müalicə üsullarının tətbiqinə imkan yaradır.

Mammoqrafiya barədə yanlış fikirlər də mövcuddur:

Dr. Kartal, bəzən qadınların mammoqrafiyanın ağrılı olması və ya rentgen şüasının xərçəng riski yaratması barədə narahatlıq keçirdiklərini qeyd edib:

“Mammoqrafiyanın radiasiya riski çox aşağıdır. Təxminən 50 il ərzində hər il mammoqrafiya etdirən qadının radiasiya səbəbindən xərçəngə tutulma riski, İstanbulda 20 dəqiqəlik avtomobil səfərində həyatını itirmə riski ilə eynidir. Üstəlik, 3 saatlıq təyyarə uçuşu zamanı bədən bu qədər radiasiya qəbul edir”.

Mütəxəssislər yekdilliklə bildirirlər ki, mammoqrafiya süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasında əvəzolunmaz vasitədir və hər qadın 40 yaşdan sonra ildə bir dəfə bu müayinədən keçməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun