Xəstəliklər
Ziyillərin
Xəstəliklər
106

Ziyillərin müalicəsi var?

Bəzən görünüşcə xoşagəlməz olan ziyillər həm də narahatlıq və ağrı yarada bilər — xüsusilə də ayaqda, daban hissəsində əmələ gəlirsə. Onları yandırmaq və ya cərrahi yolla çıxartmaq fikri isə çoxlarına xoş gəlmir. Bəs ziyildən dərman vasitəsilə qurtulmaq mümkündürmü?

E-saglam.az xəbər verir ki, ziyillər — dəridə sərt, kobud səthli, kiçik qabarıqlıqlardır. Ən çox barmaqlarda, dirsək və diz nahiyəsində rast gəlinir.
Onlar insan papilloma virusu (HPV) ilə yoluxma nəticəsində əmələ gəlir. Virus birbaşa təmas, ortaq dəsmal, ayaqqabı, sabun və ya vanna vasitəsilə keçə bilər. Dırnaq dişləmək və ya dəriyə zədə vurmaq riski artırır.

Ziyillər adətən sağlamlıq üçün təhlükə yaratmasa da, qaşıntı, ağrı və ya estetik narahatlıq doğura bilər.

Ziyillər mütləq müalicə olunmalıdırmı?

Bəzən ziyillər öz-özünə yoxa çıxır, lakin bir müddət sonra başqa yerdə təkrar əmələ gələ bilər. Əgər narahatlıq yaradırsa, onların müalicəsi məqsədəuyğundur.

Mütləq həkimə müraciət edin, əgər:

  • ziyillər çoxalıbsa və ya qanayırsa,

  • ağrı və rəng dəyişikliyi varsa,

  • onlar üz və ya cinsiyyət nahiyəsində əmələ gəlibsə.

Həkim tərəfindən tətbiq olunan müalicə üsulları:

  • Kimyəvi pilinq: Səliqəli şəkildə ziyilin üzərinə salisil və ya triklor sirkə turşusu vurulur. Turşu dəri qatlarını tədricən soyaraq ziyili aradan qaldırır.

  • Kantaridin tətbiqi: Ziyilin altında qabarcıq əmələ gəlir və bir müddət sonra ziyil düşür.

  • Krioterapiya (dondurma): Ziyil maye azotla dondurulur və bir neçə gün sonra özü qopur.

  • Cərrahi kəsik: Ziyil fiziki olaraq çıxarılır, lakin iz qalma ehtimalı var.

  • Lazer və elektrokoaqulyasiya: Ziyil lazer və ya elektrik cərəyanı ilə yandırılır.

  • Bleomisin inyeksiyası: Güclü, lakin yan təsirləri çox olan müalicə üsuludur, yalnız çətin hallarda tətbiq olunur.

Bəzi dərmanlar (məsələn, interferonlar) immun sistemi gücləndirsə də, onların ziyillərin qarşısını almaqda effektivliyi sübut edilməyib. Yalnız digər üsullar kömək etmədikdə istifadə olunur.

Ev şəraitində müalicə üsulları:

Əgər şəkərli diabet və ya immun sistemi zəifliyi yoxdursa, aşağıdakı üsulları sınamaq olar:

  • Salisil turşusu ilə məlhəm və ya plastır: Gündəlik tətbiq olunmalıdır. Dəri yumşaldıldıqdan sonra ölü qat diqqətlə təmizlənir.

  • Aptekdə satılan dondurma spreyləri: Maye azot tərkibli bu vasitələr həkim üsuluna bənzər şəkildə ziyili dondurur.

  • İzolyasiya lentindən istifadə: Ziyil 5–6 gün lentlə örtülür, sonra çıxarılır, dərisi təmizlənir və proses təkrarlanır.

 Bu üsullar üz və həssas nahiyələrdə tətbiq edilməməlidir – çapıq və infeksiya riski yarada bilər.

Ziyildən qorunma yolları:

  • Əlləri daim yuyun və gigiyenaya əməl edin.

  • Digər şəxslərin dəsmal, corab və ayaqqabılarından istifadə etməyin.

  • Ziyili dişləməyin, qoparmayın.

  • Hovuz və ictimai yerlərdə başqasının ayaqqabısı ilə gəzməyin.

  • Mövcud ziyili suya girərkən plastırla bağlayın.

Ziyillər çox vaxt təhlükəli olmasa da, virus mənşəli olduqları üçün yenidən əmələ gələ bilərlər. Onlardan xilas olmağın ən etibarlı yolu — dermatoloqa müraciət etməközbaşına müalicədən çəkinməkdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun