Surrey Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, kakaoda olan təbii flavanollar qan təzyiqi yüksəldikdə onu aşağı sala bilir. Bu isə onun ürək-damar sağlamlığı üçün təhlükəsiz və faydalı ola biləcəyini göstərir.
E-saglam.az xəbər verir ki, əvvəlki araşdırmalar flavanolların bəzi dərmanlara bənzər şəkildə arteriyaların sərtliyini və təzyiqi azaltdığını ortaya qoysa da, bu təsirin gündəlik həyatda necə işlədiyi tam məlum deyildi. Yeni tədqiqat isə göstərib ki, kakao yalnız təzyiq yüksək olduqda təsir göstərir, normal səviyyədə isə onu daha da aşağı salmır.
Eksperimentdə on bir sağlam könüllü iştirak edib. Onlar bir neçə gün ərzində növbəli şəkildə kakao flavanolu və plasebo qəbul ediblər. Qan təzyiqi və arterial sərtlik daimi izlənib. Nəticələr göstərib ki, kakao flavanolları yalnız təzyiq yüksək olanda onu azaldır, aşağı olduqda isə heç bir dəyişiklik baş vermir.
Professor Heiss qeyd edib:
“Kakao flavanollarının ürək-damar sisteminə təsiri danılmazdır. Ən önəmlisi isə odur ki, onlar yalnız lazım olduqda, yəni təzyiq yüksəldikdə təsir göstərir".
Bu nəticələr kakaonun gələcəkdə təhlükəsiz və təbii təzyiq tənzimləyicisi kimi istifadəsinə yol aça bilər.
Tərcümə: Nəzrin Abbas