Görünür ki, reallıq əldən gedir, ürək döyüntüləri sürətlənir, nəfəs alma çətinləşir, ağlımızdan keçən narahat fikirlər bizi qorxuya salır — bu, panik atakın tipik əlamətləridir.
E-saglam.az xəbər verir ki, təcili yardım həkimi Mariya Kovalçukun sözlərinə görə, vəziyyət nə qədər qorxulu görünsə də, onun öhdəsindən gəlmək mümkündür. Əsas məsələ, panik atakın bədən üçün fiziki təhlükə yaratmadığını dərk etmək və özünü sakitləşdirməyi öyrənməkdir.
Panik atak nədir?
Bu, qəfil yaranan və real təhlükə olmadığı halda güclü qorxu hissi ilə müşayiət olunan vəziyyətdir. Hücum zamanı insan ürək tutması keçirdiyini, yaxud boğulacağını düşünə bilər. Lakin bu vəziyyət adətən bir neçə dəqiqə davam edir və sonradan keçib gedir.
Aşağıda mütəxəssislərin panik atakların qarşısını almaq üçün verdiyi 8 əsas məsləhəti təqdim edirik:
1. Mütəxəssisə müraciət edin. Panik ataklar təkrarlanırsa, psixoterapevtlə danışmaq faydalı olar.
2. Dərin nəfəs alın. Hücum zamanı nəfəs almağı yavaşladın, burnunuzdan dərin nəfəs alıb ağzınızdan verin.
3. Düşüncələrinizi yönləndirin. Özünüzə “Mən təhlükədə deyiləm, bu vəziyyət keçəcək” kimi cümlələr təkrarlayın.
4. Bədəninizə fokuslanın. Barmaqlarınızı hərəkət etdirin, ətrafınızdakı bir obyekti diqqətlə izləyin – bu, reallığa qayıtmağa kömək edir.
5. Kofein və spirtli içkilərdən uzaq olun. Bu maddələr narahatlıq və ürək döyüntüsünü artıra bilər.
6. Kifayət qədər yatın. Yuxusuzluq sinir sistemini zəiflədir və panik epizodların yaranma ehtimalını artırır.
7. Fiziki aktiv olun. Gəzinti, yoga və ya idman stress hormonlarını azaldır.
8. Stressi idarə etməyi öyrənin. Meditasiya və nəfəs texnikaları gündəlik rahatlamağa kömək edir.
Unutmayın, panik atak keçici bir vəziyyətdir və düzgün yanaşma ilə onun öhdəsindən gəlmək tamamilə mümkündür.
Tərcümə: Nəzrin Abbas