Sağlamlıq
Cizgi filmləri uşaqda diqqət çatışmazlığına
Sağlamlıq
106

Cizgi filmləri uşaqda diqqət çatışmazlığına səbəb ola bilərmi?

Uşaqlarının televizor qarşısında çox vaxt keçirməsindən narahat olan valideynlər üçün xoş xəbər var — görünür ki, ekran qarşısında sərf olunan vaxt uşağın diqqət qabiliyyətinə və davranışına birbaşa mənfi təsir göstərmir.

E-saglam.az xəbər verir ki, Oklend Universitetinin tədqiqatçıları Yeni Zelandiyada 3787 uşaq və onların valideynləri arasında iki mərhələli araşdırma aparıblar. İlk mərhələdə 2 yaşdan yuxarı uşaqlarda, ikinci mərhələdə isə 4,5 yaşlı uşaqlarda ekran vaxtı ilə diqqət çatışmazlığı və hiperaktivlik arasında əlaqə öyrənilib.

Elm adamları uşaqların televizor və cizgi filmlərinə baxma müddətini, həmçinin diqqət və davranışla bağlı test nəticələrini müqayisə ediblər. Nəticələr göstərib ki, gündə 2 saatdan artıq ekran vaxtı belə davranış problemlərinə səbəb olmur.

Bununla belə, araşdırma maraqlı bir məqamı da üzə çıxarıb: diqqət çatışmazlığı və hiperaktivlik simptomları olan uşaqlar həmyaşıdlarına nisbətən televizora daha çox baxırlar. Alimlər bunu səbəb deyil, nəticə kimi izah edirlər — belə uşaqlar üçün televiziya sakitləşdirici və daha az stresli bir fəaliyyət ola bilər.

Mütəxəssislərin sözlərinə görə, parlaq rənglər və dinamik səhnələr hiperaktiv uşaqların diqqətini cəlb edir, bu da onların müvəqqəti rahatlaşmasına səbəb olur.

Əvvəllər aparılan digər tədqiqatlar da ekran vaxtının psixikaya mənfi təsirinə dair narahatlıqların çox vaxt şişirdildiyini göstərib. Tədqiqatçılar bildirirlər ki, ekran vaxtı ilə akademik göstəricilər, yuxu müddəti və davranış arasında yalnız çox zəif əlaqə var. Əksinə, sosial yönümlü ekran istifadəsi — məsələn, dostlarla əlaqə saxlamaq — uşaqların sosial bacarıqlarını gücləndirə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun