BMC İctimai Sağlamlıq jurnalında dərc olunan yeni meta-analizdə tədqiqatçılar C vitamini əlavəsinin soyuqdəymənin şiddətinə və müddətinə təsiri barədə araşdırmaları müqayisə ediblər.
E-saglam.az xəbər verir ki, nəticələr göstərib ki, C vitamini xüsusilə ağır simptomların müddətini azaltmaqda mühüm rol oynaya bilər.
C vitamininin təsiri barədə nə məlumdur?
Əvvəlki randomizə nəzarətli sınaqlarda (RCT) C vitamini qəbulunun soyuqdəymənin müddətini və şiddətini azalda biləcəyi göstərilsə də, bəzi sonradan geri çəkilmiş araşdırmalar bu təsirin faydasız olduğu fikrini gücləndirmişdi. Buna görə alimlər C vitamininin real təsirini müəyyənləşdirmək üçün mövcud elmi dəlilləri bir araya gətiriblər.
Araşdırmaya yalnız plasebo-nəzarətli sınaqlar daxil edilib. Bu sınaqlarda başlanğıcda sağlam insanlar iştirak edib və onlara ən azı 1 qram C vitamini gündəlik olaraq şifahi şəkildə verilib.
Bu meyarlar, alimlərə müntəzəm C vitamini qəbulunun soyuqdəymə zamanı baş verən simptomlara necə təsir etdiyini qiymətləndirməyə imkan verib. Minimum doza əvvəlki nəticələr əsasında müəyyən edilib, çünki bu miqdarda doza-effekt əlaqəsi müşahidə olunub.
Meta-analizə 10 elmi məqalə və 15 müqayisə daxil edilib. Əksər tədqiqatlar 2–5 ay davam edib (yalnız iki araşdırma bir həftədən artıq müddətə ağır simptomları izləyib). İştirakçılar gündə 1–4 qram C vitamini qəbul ediblər.
-
C vitamini alan qruplarda soyuqdəymə şiddəti 13% azalıb.
-
Ümumi təsir baxımından, 1 qram və ya daha çox C vitamini qəbul edənlərdə xəstəliyin ağırlığı 15% azalıb.
-
Ağır simptomların davametmə müddəti isə 15–26% azalıb.
-
Soyuqdəymənin ümumi müddəti dəyişməsə də, ağır simptomların azalması xəstələrin vəziyyətini xeyli yüngülləşdirib.
-
Maraqlıdır ki, C vitamininin təsiri kişilərdə qadınlara nisbətən daha güclü ola bilər.
Tədqiqatçılar bildirirlər ki, C vitamini əlavələri soyuqdəyməni tam qarşısını almasa da, xəstəliyin şiddətini və ağır simptomların davametmə müddətini azalda bilər. Bu səbəbdən, xüsusilə soyuq aylarda və immunitetin zəiflədiyi dövrlərdə C vitamini qəbuluna diqqət yetirmək faydalı ola bilər.
Tərcümə: Nəzrin Abbas