Elm adamları gülüşün orqanizmə təsir mexanizmini araşdırmaq üçün kortizol səviyyəsi ilə ölçülən spontan gülüşün stressə təsirini qiymətləndirən intervensiya tədqiqatlarının sistematik icmalı və meta-analizini aparıblar.
E-saglam.az xəbər verir ki, tədqiqatda yalnız randomizə plasebo-nəzarətli sınaqlar (RCT) və kvazi-eksperimental tədqiqatlar nəzərdən keçirilib. Bu işlərdə iştirakçılar arasında spontan gülüş müdaxiləsinin nəzarət olunan mühitlə müqayisədə kortizol səviyyəsinə təsiri araşdırılıb.
Nəticələr göstərib ki, səkkiz tədqiqatın (ümumilikdə 315 iştirakçı, orta yaş 38,6 il) məlumatlarına əsasən, gülüş müdaxiləsi kortizol səviyyəsini 31,9% azaldıb. Hətta bir dəfəlik gülüş seansı belə, kortizol səviyyəsində 36,7%-lik azalma yaradıb.
Dörd RCT-nin ayrıca təhlili də bu nəticələri təsdiqləyib — plasebo qrupuna nisbətən gülüşün kortizolu əhəmiyyətli dərəcədə azaltdığı müəyyən edilib.
Tədqiqatçılar belə qənaətə gəliblər ki, spontan gülüş, adi fəaliyyətlərlə müqayisədə stress hormonunu daha çox azaldır və emosional rifahı yaxşılaşdırmaq üçün əlavə tibbi terapiya kimi istifadə oluna bilər.
Qısası, gülmək yalnız bir günə — Aprel 1-ə aid deyil. Hər gün bir az gülmək həm ruha, həm də bədənə yaxşı təsir göstərir.
Tərcümə: Nəzrin Abbas