Meyvə şirələri çoxları tərəfindən sağlam qidalanmanın ayrılmaz hissəsi hesab edilsə də, mütəxəssislər xəbərdarlıq edirlər ki, onların mədəyə təsiri bəzən düşündüyümüz qədər müsbət olmaya bilər.
E-saglam.az xəbər verir ki, təbii meyvə şirələri orqanizm üçün mühüm vitamin və minerallar mənbəyidir. Alma, armud və kök şirələri kimi az turşulu içkilər həzmi asanlaşdırır və mədə fəaliyyətini dəstəkləyir. C vitamini ilə zəngin portağal və naringi şirələri isə immunitetin möhkəmlənməsinə kömək edir.
Bununla yanaşı, bəzi meyvə şirələrinin həddindən artıq qəbulu mədə üçün mənfi nəticələr doğura bilər. Xüsusilə portağal, limon, nar və ananas kimi turş meyvələrdən hazırlanan şirələr mədə turşusunu artırır və reflüks, qastrit kimi problemləri olan insanlarda narahatlıq yaradır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, səhərlər acqarına turş meyvə şirəsi içmək mədə qişasını qıcıqlandıra bilər. Həmçinin, paketlənmiş şirələrdəki yüksək şəkər və konservantlar həzm sisteminə əlavə yük gətirir.
Həkimlərin tövsiyəsinə görə, meyvə şirələri yeməkdən sonra və su ilə qarışdırılaraq içilməlidir. Ən sağlam seçim isə təzə sıxılmış, şəkərsiz və az turşulu meyvə şirələridir.
Qeyd edək ki, Qastrit və ya reflüks problemi olan şəxslərə isə sitrus meyvələrinin şirələrindən uzaq durmaq məsləhət görülür.
Nəzrin Abbas