Mütəxəssislər bildirirlər ki, qış aylarında tez-tez süfrələrdə yer alan ağ turp sağlamlıq üçün son dərəcə faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində bu tərəvəz həm immuniteti gücləndirir, həm də orqanizmi təmizləyir.
E-saglam.az xəbər verir ki, ağ turpun tərkibində C vitamini, lif, kalium və antioksidant maddələr boldur. Bu maddələr həzmi yaxşılaşdırır, qaraciyər və böyrəklərin fəaliyyətini dəstəkləyir, həmçinin orqanizmdə toplanan toksinlərin atılmasına kömək edir.
Qan təzyiqindən əziyyət çəkənlər üçün də ağ turp faydalı hesab olunur. Kalium tərkibi damarların genişlənməsini təmin edərək təzyiqin normallaşmasına şərait yaradır. Bundan əlavə, ağ turp öskürək və soyuqdəymə zamanı bəlğəmin çıxarılmasına yardım edir, tənəffüs yollarını təmizləyir.
Mütəxəssislər onu da qeyd edirlər ki, ağ turp aşağı kalorili qida olduğundan arıqlamaq istəyənlər üçün də idealdır. Müntəzəm şəkildə, lakin miqdarına nəzarət etməklə istifadə edildikdə həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.
Nəzrin Abbas
E-saglam.az