Sağlamlıq
Diz ağrısının əsl səbəbi
Sağlamlıq
91

Diz ağrısının əsl səbəbi sizi təəccübləndirəcək

Ortoped: “Çox vaxt problem dizdə deyil, omba oynağında olur”.

E-saglam.az xəbər verir ki, dizlərdə ağrı hissi bəzən diz oynaqlarının özü ilə bağlı olmaya bilər. Bu barədə ortoped-cərrah Mazin İbrahim Daily Mail qəzetinə açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, bir çox hallarda xəstələr diz ağrısından şikayət etsələr də, problemin əsl səbəbi omba oynağında gizlənir. “Bu, ‘əks olunan ağrı’ adlanır. Başqa sözlə, beyin sinir siqnallarını səhv başa düşür və ağrını onun əslində yaranmadığı yerdə hiss etdirir,” — deyə İbrahim bildirib.

Mütəxəssis əlavə edib ki, diz ağrısına yalnız artrit deyil, həm də bud və omba ətrafındakı əzələlərin zəifliyi səbəb ola bilər. Əgər budun xarici hissəsində əzələ və ya vətər iltihabı baş verərsə, bu, ayağa yayılan kəskin ağrı ilə müşahidə olunur.

Hərəkətsizlik ağrını artırır:

Ortoped vurğulayıb ki, bu problemlərin qarşısını almaq üçün ən vacib amil fiziki aktivlikdir. Onun sözlərinə görə, gündəlik hərəkət orqanizmdə qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və oynaq ağrılarının azalmasına kömək edir.

Həkim velosiped sürməyi, yüngül idmanla məşğul olmağı və gündə ən azı 7 min addım atmağı məsləhət görür. “Ən yaxşısı — yamacda və sürətli tempdə gəzməkdir. Bu, əzələlərin gücünü artırır və oynaqlara dəstək verir,” — deyə o əlavə edib.

Qeyd edək ki, daha əvvəl ailə həkimi Daniel Atkinson “altı-altı-altı” adlanan sağlamlıq metodundan danışmışdı. Bu metod səhər saat 6-da və axşam 6-da 60 dəqiqəlik gəzintiləri nəzərdə tutur və ümumi sağlamlığa müsbət təsir göstərir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun