Uşağın dünyaya gəlməsi hər ailənin həyatında mühüm hadisədir. Bəziləri gənc yaşda ana olmağı seçir, digərləri isə əvvəlcə sabitlik və yetkinlik qazanmağı üstün tutur.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bioloji baxımdan hamiləlik üçün ən uyğun yaş 20–35 arasıdır – bu dövrdə qadının orqanizmi sağlam hamiləlik və doğuş üçün ən əlverişli vəziyyətdə olur.
Ginekoloq Boris Lordkipanidze qeyd edib ki, ilk hamiləlik üçün ideal yaş 20–30 arası hesab olunur. Bu zaman yumurta hüceyrələrinin keyfiyyəti yüksək, risklər isə minimal olur. Lakin hər qadının sağlamlıq durumu fərqli olduğundan fərdi yanaşma vacibdir.
35 yaşdan sonra qadınlarda fertilite tədricən azalır, genetik problemlərin və hamiləlikdə fəsadların riski artır. Buna baxmayaraq, müasir tibbi üsullar — xüsusilə süni mayalanma (EKO) — qadınlara daha gec yaşda da ana olmağa imkan yaradır.
Psixoloq Qalina Krasnoruçenko isə vurğulayıb ki, emosional və sosial yetkinlik də az önəm daşımır. Qadın özünü anaya çevrilməyə hazır hiss etməli, ailə və tərəfdaş dəstəyi olmalıdır.
Gənc yaşda ana olmağın üstünlükləri — yüksək enerji, sağlam orqanizm və uzunmüddətli valideynlik fürsətidir. Amma bu yaşda emosional və maliyyə sabitliyinin zəif olması çətinlik yarada bilər.
30 yaşdan sonra hamiləlik isə daha şüurlu və emosional cəhətdən sabit olur, lakin bioloji baxımdan risklər artır.
Həkimlər məsləhət görür ki, yaşdan asılı olmayaraq, hamiləlik planlaşdırılarkən bədən sağlamlığı, psixoloji hazır olma və maliyyə sabitliyi nəzərə alınmalıdır.
Uşağa sahib olmağın ideal yaşı 20–35 arası sayılır. Amma əsas məsələ — qadının özünü həm fiziki, həm də mənəvi cəhətdən ana olmağa hazır hiss etməsidir.
Tərcümə: Nəzrin Abbas