Harvard məzunu qastroenteroloq Dr. Saurabh Sethi, bağırsaq sağlamlığını təhlükə altına alan meyvələr barədə vacib xəbərdarlıq edib. O, xüsusilə səhər yeməklərində tez-tez istehlak edilən çox yetişmiş bananların həzm sistemi üçün riskli olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, sağlam bədən üçün balanslı qidalanma vacib olsa da, mütəxəssislər qeyd edir ki, hər meyvə eyni dərəcədə faydalı deyil. Dr. Sethi-nin sözlərinə görə, banan yetişdikcə tərkibindəki lif və müqavimətli nişasta azalır, şəkər miqdarı isə artır. Bu dəyişikliklər bağırsaq bakteriyalarına daha az fayda verir və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olur.
Yetişməmiş bananlar daha faydalıdır:
Hələ tam yetişməmiş, yaşıl bananlar isə tərkibindəki müqavimətli nişasta sayəsində prebiotik təsir göstərir. Bu nişasta növü parçalanmadan bağırsaqlara çatır və yararlı bakteriyaları qidalandırır.
Dr. Sethi, yaşıl bananlara 10 üzərindən 5 bal verərək onların bağırsaq dostu olduğunu vurğulayıb, lakin çox yetişmiş bananları “qara siyahıya” daxil edib.
Bağırsaq üçün ən faydalı meyvələr:
Mütəxəssisə görə, bağırsaq sağlamlığını dəstəkləyən ən yaxşı meyvələr arasında yaban mersini və nar ilk sıradadır. Bu meyvələr yüksək antioksidant tərkibi ilə iltihabı azaldır və ürək sağlamlığını gücləndirir.
Bundan başqa, kivi də lif baxımından zəngin olduğuna görə həzm prosesini asanlaşdırır və qabızlığın qarşısını alır.
Gözlənilməz nəticə: Portağal və üzüm:
Siyahının ortasında alma, armud və qovun yer alır. Lakin portağal və üzüm gözlənilməz şəkildə daha aşağı bal toplayıb.
Dr. Sethi xəbərdarlıq edir ki, sitrus meyvələrinin həddindən artıq qəbulu bəzi araşdırmalara görə dəri xərçəngi riskini artırır. Bununla belə, C vitamini baxımından zəngin bu meyvələrin balanslı şəkildə istehlakı immunitet üçün çox vacibdir.
Düzgün meyvə seçimi sağlamlığın açarıdır:
Mütəxəssis bildirir ki, bağırsaq sağlamlığını qorumaq üçün çox yetişmiş bananlardan uzaq durmaq, lif və antioksidantla zəngin meyvələrə üstünlük vermək lazımdır.
Düzgün meyvə seçimi, həm həzm sistemini, həm də ümumi sağlamlığı dəstəkləyən ən vacib amillərdən biridir.
Tərcümə: Nəzrin Abbas