Yeni tədqiqat göstərib ki, cəmi bir ədəd saqqız çeynəmək nəticəsində orqanizmə yüzlərlə, hətta minlərlə mikroplastik hissəcik daxil ola bilər.
E-saglam.az xəbər verir ki, Kaliforniya Universitetinin (Los-Anceles) alimləri 10 fərqli markalı saqqızı — həm təbii, həm də sintetik növləri — analiz ediblər. Nəticələr göstərib ki:
-
Saqqızın hər qramı orta hesabla 100 mikroplastik hissəcik buraxır, bəzi markalarda bu göstərici 637 hissəciyə qədər artır.
-
Mikroplastikin əsas hissəsi ilk 2 dəqiqə ərzində çeynəmə zamanı ayrılır.
-
Təbii (bioplastik əsaslı) saqqızlar sintetik saqqızlar qədər mikroplastik ifraz edir.
-
Əgər bir insan ildə təxminən 160–180 saqqız çeynəyirsə, bu müddətdə təqribən 30 min mikroplastik hissəcik udur.
Bu nə dərəcədə təhlükəlidir?
Alimlər hələ ki, saqqızdan keçən mikroplastikin insan sağlamlığına birbaşa təsirini dəqiq müəyyənləşdirməyiblər. Lakin əvvəlki araşdırmalar mikroplastiki aşağıdakı sağlamlıq problemləri ilə əlaqələndirir:
-
ağciyərlərin zədələnməsi,
-
məhsuldarlığın (reproduktiv funksiyanın) azalması,
-
yeni doğulan körpələrdə az çəki.
Tədqiqatın müəlliflərindən biri, Sancay Mohanti bildirir:
“Biz insanları qorxutmaq istəmirik, amma anlamalıyıq ki, plastik demək olar ki, hər yerdə bizi əhatə edir.”
Riskləri necə azaltmaq olar?
-
Bir saqqızı daha uzun müddət çeynəyin. Saqqızı tez-tez dəyişmək əvəzinə birini uzun müddət çeynəmək mikroplastik miqdarını azaldır.
-
Saqqız istifadəsini məhdudlaşdırın. Bu, orqanizmə düşən plastik yükünü minimuma endirə bilər.
Hazırda tədqiqat elmi jurnal tərəfindən hələ rəy verilmiş (peer-reviewed) deyil, buna görə də alimlər mikroplastikin insan orqanizminə təsirini araşdırmağa davam etməyi planlaşdırırlar.
Tərcümə: Nəzrin Abbas