Tip 2 diabet riskini azaltmaq və ya bu xəstəlikdən xilas olmaq, eləcə də Tip 1 diabeti nəzarətdə saxlamaq üçün bəzi qidaları gündəlik menyunuza əlavə etmək çox vacibdir.
E-saglam.az xəbər verir ki, dünyada diabetin sürətlə yayılması, bu xəstəlikdən qorunmaq üçün daha sağlam həyat tərzinə diqqət yetirməyi zəruri edir. Hərəkətli həyat tərzi ilə yanaşı, balanslı və nizamlı qidalanma da diabetlə mübarizədə əsas rol oynayır. Bu prosesdə bəzi qidalar xüsusilə ön plana çıxır. Budur, diabetlə mübarizədə ən təsirli qidalar:
1. Qoz-fındıq və digər çərəzlər:
Sağlam yağlarla zəngin olan qoz, badam və digər çərəzlər düzgün miqdarda qəbul edildikdə qan şəkərinin tarazlığını qorumağa kömək edir.
2. Çəkirəklər (xüsusilə balqabaq çəkirəyi):
Omega-3 və dəmir mənbəyi olan balqabaq çəkirəyi az karbohidrat tərkibli qidadır və qan şəkərinin sabit qalmasına kömək edir. Ay çəkirəyi də balanslı miqdarda istifadə oluna bilər, amma porsiyaya diqqət etmək vacibdir.
3. Balıq:
Omega-3 və keyfiyyətli zülalla zəngin olan balıq yalnız diabet xəstələri üçün deyil, hər kəs üçün faydalıdır. Qan şəkərinin sabit qalmasına, ürək və damar sağlamlığının qorunmasına kömək edir.
4. Qırmızı meyvələr (giləmeyvə):
Antioksidan və liflə zəngin qırmızı meyvələr (çiyələk, moruq, böyürtkən) Tip 2 diabetdə insulin istehsalını dəstəkləyir, Tip 1 diabetdə isə qan şəkərini tənzimləməyə kömək edir.
5. Paxlalılar (noxud, mərci, lobya və s.):
Liflə zəngin olan paxlalılar aşağı karbohidrat dəyərinə malikdir və qan şəkərinin taraz qalmasına kömək edir. Hər kəs həftədə ən azı iki dəfə paxlalı qidalar yeməlidir.
6. Brokoli:
Brokoli “diabet üçün yaradılmış tərəvəz” adlandırıla bilər. Qan şəkərini tənzimləyir və eyni zamanda gündəlik C vitamini ehtiyacını qarşılayır.
7. Kələm (xüsusilə qıvırcıq kələm):
Aşağı karbohidratlı və antioksidan baxımından zəngin olan qıvırcıq kələm orqanizmi toksinlərdən təmizləyir və qan şəkərinin stabilləşməsinə kömək edir.
8. Avokado:
Omega-3 ilə zəngin olan avokado qan təzyiqini və ürək sağlamlığını qorumaqla yanaşı, qan şəkərini də sabit saxlayır.
Tərcümə: Nəzrin Abbas