Yaponiya alimləri aşkar ediblər ki, pomidor şirəsinin müntəzəm istehlakı siqaret tüstüsünə məruz qalan siçanlarda ağciyər emfizemasının inkişafının qarşısını alır.
E-saglam.az xəbər verir ki, bu tədqiqat Tokyo Juntendo Universitetinin Tibbi Məktəbində aparılıb və nəticələr American Journal of Physiology-Lung Cellular and Molecular Physiology jurnalının fevral buraxılışında dərc olunub. İnsan üzərində sınaqlar isə yaxın gələcəkdə planlaşdırılır.
Tədqiqatda iki siçan qrupu istifadə olunub: adi laboratoriya siçanları və genetik dəyişiklik nəticəsində sürətli yaşlanmağa meylli siçanlar. Həmin siçanlar siqaret tüstüsü ilə dolu mühitdə 8 həftə saxlanılıb, bəziləri isə bu müddət ərzində 50% pomidor şirəsi ilə müntəzəm qidalanıb.
Təcrübənin sonunda sürətli yaşlanan siçanlarda ağciyər emfizeması müşahidə olunub – ağciyər toxumasının elastikliyinin itirilməsi və hava tutumunun artması ilə xarakterizə olunan xroniki xəstəlik. Adi siçanlar isə sağlam qalıb. Maraqlıdır ki, pomidor şirəsi qəbul edən genetik dəyişilmiş siçanlarda emfizema inkişaf etməyib.
Emfizemanın simptomları: ağciyərlərin böyüməsi, qaz mübadiləsində iştirak edən sahənin azalması, fiziki fəaliyyət zamanı nəfəs darlığı və davamlı nəmli öskürəkdir. Xəstəliyin inkişafına bir çox faktorlar – təkrarlanan infeksiyalar, hava çirkliliyi, iş şəraiti, tərkibində kömür, asbest və silisium olan hissəciklərin udulması – təsir göstərir. Əsas səbəb isə siqaret çəkmək hesab olunur.
Yapon tədqiqatçı Kuniaki Seyama hesab edir ki, pomidor şirəsinin qoruyucu təsiri onun tərkibindəki antioksidant “likopen”lə bağlıdır. Antioksidantlar hüceyrələri zədələyən sərbəst radikalların əmələ gəlməsini azaldaraq orqanizmi qoruyur. Seyama bildirib: “Biz hesab edirik ki, likopen siqaret tüstüsünün yaratdığı oksidant-antioksidant balansını bərpa edir”.
Buna baxmayaraq, Amerikanın Kansas Universitetindən Richard C. Baybutt fərqli fikirdədir. O hesab edir ki, qoruyucu təsirin əsas səbəbi pomidor şirəsində bol miqdarda olan beta-karotindir. Beta-karotin A vitamininin prekursorudur və onun çatışmazlığı emfizemanın inkişafına səbəb ola bilər. Bundan əlavə, siqaret tüstüsündəki benzopiren A vitamininin səviyyəsini azalda bilər.
Pomidor şirəsi, xüsusən siqaret çəkənlərdə, ağciyər sağlamlığını dəstəkləyən təbii vasitə kimi əhəmiyyətli ola bilər, lakin əlavə tədqiqatlar insan üzərində təsiri müəyyən etmək üçün vacibdir.
Tərcümə: Nəzrin Abbas