Gözəllik-dəb
Mavi gözlər əslində niyə mavi deyil?
Gözəllik-dəb
54

Mavi gözlər əslində niyə mavi deyil? Maraqlı araşdırma

İnsanla ilk tanışlıqda diqqəti cəlb edən ən vacib xüsusiyyətlərdən biri onun göz rəngidir. Gözlər müxtəlif rəng çalarlarına malikdir: dünyada ən çox rast gəlinən rəng qəhvəyidir, mavi gözlər isə xüsusilə Şimali və Şərqi Avropada geniş yayılıb. Ən nadir rəng olan yaşıl gözlər isə dünya əhalisinin cəmi 2 faizində müşahidə olunur.

E-saglam.az xəbər maraqlı araşdırmanı sizə təqdim edir:

Bəs bu fərqli rənglərin sirri nədədir?
Cavab göz bəbəyini əhatə edən iris adlanan rəngli təbəqədə gizlidir. Burada melanin adlı piqment əsas rolu oynayır. Qəhvəyi gözlərdə çoxlu miqdarda melanin olur, bu da işığı udaraq tünd görünüş yaradır. Mavi gözlərdə isə melanin miqdarı azdır. Rəng burada piqmentdən deyil, Tindall effekti adlanan fiziki hadisədən — yəni işığın irisdə səpələnməsindən yaranır. Bu, eyni zamanda göyün mavi görünməsinin də səbəbidir.

Qısaca desək, mavi gözlərdə işığın qısa dalğa boyları (mavi tonlar) daha çox səpələnir, uzun dalğalar (qırmızı və sarı tonlar) isə udulur. Bu səbəbdən gözlər mavi rəngdə görünür, amma əslində mavi piqment yoxdur.

Yaşıl gözlər orta miqdarda melaninlə işıq səpələnməsinin balansı nəticəsində yaranır. Ela gözlərdə isə melanin bərabər paylanmadığı üçün rəng işıqdan asılı olaraq dəyişə bilər.

Genetikanın rolu

Uzun illər alimlər göz rənginin tək bir genlə müəyyənləşdiyini düşünürdülər. Lakin son tədqiqatlar göstərib ki, bu proses bir neçə genin qarşılıqlı təsiri nəticəsində baş verir. Məhz buna görə eyni ailədə fərqli göz rəngləri müşahidə oluna və iki mavi gözlü valideynin yaşıl və ya açıq qəhvəyi gözlü övladı ola bilər.

Göz rəngi zamanla da dəyişə bilər. Avropa mənşəli bir çox körpə mavi və ya boz gözlərlə doğulur, lakin melanin səviyyəsi artdıqca bu rəng yaşıl və ya qəhvəyiyə çevrilə bilər. Yetkin yaşda isə rəng sabit qalır, amma işıq, geyim və göz bəbəyinin ölçüsündən asılı olaraq çalar fərqləri görünə bilər.

Maraqlı faktlar

Nadir hallarda heteroxromiya adlanan vəziyyətə rast gəlinir — bu zaman bir insanın iki gözü fərqli rəngdə olur və ya bir iris iki rəng daşıyır. Məşhur musiqiçi Devid Boui-də fərqli rəngli gözlər kimi görünən hal isə əslində bir qəza nəticəsində yaranmış, bəbəyin qalıcı genişlənməsi idi.

Göz rəngi yalnız genetik bir xüsusiyyət deyil, işığın və biologiyanın incə oyunudur. Hər bir iris — qızılı nöqtələri, dərin qəhvəyi tonları və ya mavi parıltıları ilə — özünəməxsus bir miniatür kainat kimidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun