Qara qarağat ekstraktı qaraciyəri alkoqolun zərərli təsirlərindən qoruyaraq onun bərpasına kömək edən FGF21 adlı mühüm qoruyucu zülalın aktivliyini artırır.
E-saglam.az xəbər verir ki, Çin və Finlandiyadan olan alimlərin birgə tədqiqatı Food & Function (F&F) jurnalında dərc olunub.
Laborator analizlər göstərib ki, qara qarağat ekstraktının tərkibində təxminən 900 polifenol və 45 antosian mövcuddur. Bu bioloji aktiv maddələr qaraciyərin ifraz etdiyi FGF21 zülalının səviyyəsini yüksəldir. Həmin zülal beyinə təsir göstərərək toksinlərin daha sürətli xaric olunmasını təmin edir.
-
Qaraciyər hüceyrələrində və siçanlarda aparılan testlər ekstraktın iltihabı və oksidləşmə stresini azaltdığını, hüceyrə membranlarını (qabıqlarını) zədələnmədən qoruduğunu göstərib.
-
Ən güclü təsir spirtlə bağlı kəskin qaraciyər zədələnməsi modellərində müşahidə olunub.
-
Qara qarağat ekstraktı həm də sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərərək orqanizmin ümumi detoksifikasiya potensialını artırıb.
Mütəxəssislər bildirirlər ki, qara qarağat yalnız qaraciyəri qoruyan təbii vasitə kimi deyil, həm də gələcəkdə alkoqol mənşəli qaraciyər zədələnmələrinin qarşısının alınması və müalicəsi üçün dərmanların perspektivli komponenti ola bilər.
Tərcümə: Nəzrin Abbas