Alimlər havanın keyfiyyəti ilə osteoporoz riski arasında əlaqə aşkar ediblər.
E-saglam.az xəbər verir ki, zərərli hava insan orqanizminə təkcə tənəffüs sistemi vasitəsilə deyil, həm də sümük sağlamlığına təsir göstərə bilər. Yeni araşdırmaya görə, çirkli hava osteoporoz riskini artıran əlavə amillərdən biridir. Tədqiqat nəticələri JAMA Environmental Health jurnalında dərc olunub.
Əvvəllər məlum idi ki, osteoporoz daha çox hormonal pozğunluqlar, düzgün olmayan qidalanma, həzm problemləri, bəzi dərmanların qəbulu, az hərəkətli həyat tərzi, alkoqol və siqaret istifadəsi ilə bağlı inkişaf edir.
Beynəlxalq alimlər qrupu Hindistanın ucqar kəndlərində yaşayan 3717 nəfərin (o cümlədən 1711 qadının) sağlamlıq göstəricilərini və yaşayış şəraitini təhlil edib.
Araşdırmada əsas diqqət havada mövcud olan karbon hissəciklərinə yönəlib. Bu cür çirklənmə avtomobil mühərriklərində yanacağın yanması, eləcə də yemək bişirmək üçün kömür və ya odun istifadəsi zamanı yaranır. Hissəciklər havada uzun müddət qalır, ağciyərlərə düşür və daha sonra orqanizmin müxtəlif hissələrinə yayılır.
Məlum olub ki, çirkli hava ilə tez-tez təmasda olan insanların sümük kütləsi daha azdır. Xüsusən də ən kiçik toz hissəcikləri (diametri 2,5 mikrometrdən az olan, PM 2.5) daha güclü təsir göstərir.
Alimlərin fikrincə, bu əlaqə oksidativ stress və iltihabla bağlı ola bilər. Çünki çirkli hava orqanizmdə bu prosesləri gücləndirir.
Tədqiqatçılar müəyyən ediblər ki, iştirakçıların nəfəs aldığı havada çirklənmə səviyyəsi 32,8 mikroqram/kubmetr təşkil edib ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi maksimum 10 mikroqram/kubmetrdən üç dəfə artıqdır.
Tərcümə: Nəzrin Abbas