Ekspert Yaşina: Süngər və dəsmal – mətbəxdə ən çox bakteriya toplayan əşyalar sırasındadır.
E-saglam.az xəbər verir ki, bəzi mətbəx əşyaları nə qədər yaxşı təmizlənsə də, yenə də kifayət qədər çirkli qalır. Bunu məkan təşkilatçısı İrina Yaşina NEWS.ru ilə söhbətində bildirib.
Onun sözlərinə görə, ən çox bakteriya yığan əşyalar qab yuma süngərləri və dəsmallardır. Səbəb isə onların üzərində daim yemək qalıqlarının qalmasıdır. “Alimlər süngərlərdə stafilokokk, bağırsaq çöpləri və kif koloniyaları aşkar ediblər. Buna görə də süngərləri ayda üç-dörd dəfə dəyişmək lazımdır”, – deyə Yaşina xəbərdarlıq edib.
İkinci ən çirkli əşyalar sırasında isə doğrama taxtaları gəlir. Mütəxəssis vurğulayıb ki, ət, balıq, tərəvəz və çörək üçün ayrı-ayrı taxtalardan istifadə olunmalıdır. Onları yarım ildən bir dəyişmək, bu müddət ərzində isə ya qabyuyan maşında yumaq, ya da üzərinə qaynar su tökmək tövsiyə olunur.
Ekspert əlavə edib ki, zibil qabını ayda bir dəfə dezinfeksiya etmək, mətbəx lavabosunu isə ən azı həftədə bir dəfə, daha yaxşısı isə iki-üç dəfə təmizləmək lazımdır.
Tərcümə: Nəzrin Abbas