Qastroenteroloq Valeriya Lomova bildirib ki, qaraciyər xəstəlikləri ilkin mərhələdə adətən simptomsuz keçir.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu orqan sinir uclarına malik olmadığından ağrı yaratmır, lakin bədəndə görünən dəyişikliklərlə özünü göstərə bilər.
Həkim qeyd edib ki, ovucların rənginin dəyişməsi, dəridə hörümçək damarlarının yaranması, şişlik, tez-tez burun qanaması və kiçik təmasda belə qançırların əmələ gəlməsi qaraciyər patologiyasına işarə ola bilər.
Lomova əlavə edib ki, iştahsızlıq, ürəkbulanma, çəki itkisi və ya artımı, tez yorulma, yaddaş və diqqət zəifliyi də bu xəstəliklərin digər əlamətləridir.
Qastroenteroloq xəbərdarlıq edib ki, dəri saralarsa, ağızda acı dad yaranarsa və ya sidik qaralarsa, təcili həkimə müraciət etmək lazımdır. Onun sözlərinə görə, laborator analizlərdə qaraciyər problemləri qanda trombosit və hemoglobinin azalması, eləcə də sidikdə urobilinogenin aşkarlanması ilə üzə çıxır.
Tərcümə: Könül Oruc