Sağlamlıq
Soyuqdəymə zamanı bu
Sağlamlıq
132

Soyuqdəymə zamanı bu qidalardan qaçın

Doktor Mixaleva: Fast food, qırmızı ət və şirniyyatlar xəstəliyi ağırlaşdıra bilər.

E-saglam.az xəbər verir ki, soyuqdəymə dövründə düzgün qidalanma orqanizmin bərpası üçün böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, bu müddətdə bədən virusla mübarizəyə çoxlu enerji sərf etdiyindən ağır və çətin həzm olunan qidalardan uzaq durmaq vacibdir. SM-Clinic-in endokrinoloqu və qidalanma üzrə mütəxəssisi, PhD Oksana Mixaleva Gazeta.Ru-ya açıqlamasında soyuqdəyən zaman hansı qidalardan imtina edilməli olduğunu açıqlayıb.

Onun sözlərinə görə, həzm prosesi özü də enerji tələb etdiyindən xəstəlik zamanı yüngül və sadə yeməklərə üstünlük verilməlidir:

“Fast food, müxtəlif qəlyanaltılar, şəkərli qazlı içkilər, yağlı və qızardılmış qidaları rasiondan çıxarmaq lazımdır. Belə qidalar orqanizmi yükləyir və sağalma prosesini ləngidir.”

Həkim qeyd edib ki, iştaha azaldıqda belə, bədəni nəmli saxlamaq vacibdir, çünki bu, toksinlərin orqanizmdən çıxarılmasını sürətləndirir. Onun sözlərinə görə, meyvə içkiləri, kompotlar və ya ballı ilıq süd bu baxımdan ən yaxşı seçimdir – həm enerji verir, həm də susuzlaşdırmanın qarşısını alır.

Mixaleva əlavə edib ki, xəstəlik dövründə qırmızı ət, bişmiş məmulatlar və xəmir yeməkləri də məsləhət görülmür. Əvəzində aşağıdakı qidalar tövsiyə olunur:

  • az yağlı toyuq və ya balıq bulyonu
  • yüngül sıyıqlar
  • bişmiş və ya buxarda hazırlanmış tərəvəzlər
  • qaynadılmış toyuq və yağsız balıq
  • fermentləşdirilmiş süd məhsulları
  • bişmiş meyvələr

Mütəxəssis xəbərdarlıq edib ki, liflə zəngin təzə tərəvəz və meyvələr bəzən narahatlıq və ağırlıq yarada bilər, buna görə onların qəbulu bərpa dövrünə saxlanmalıdır.

“Soyuqdəymə zamanı qidalar sadə, yumşaq və asanlıqla həzm olunan formada olmalıdır. İlk günlərdə bulyonlar, şorbalar, sıyıqlar və yaxşı bişmiş ətlərə üstünlük verin. Sağlamlıq yaxşılaşdıqdan sonra pəhrizi tədricən genişləndirmək olar,” – deyə həkim bildirib.

Mixaleva vurğulayıb ki, sürətli sağalma üçün yalnız qidalanma deyil, həm də digər amillər önəmlidir:

  • kifayət qədər yuxu
  • otağın müntəzəm havalandırılması
  • optimal temperatur və rütubət
  • orta səviyyəli fiziki istirahət
  • qızdırma yoxdursa, təmiz havada gəzintilər

Sonda mütəxəssis xəbərdarlıq edib:

“Əgər vəziyyət pisləşirsə – yüksək hərarət, güclü zəiflik və ya digər narahatedici simptomlar yaranarsa, mütləq həkimə müraciət edin. Bu, fəsadların qarşısını almaq üçün vacibdir.”

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun