Qidalanma
Bu qidalar qəbizlikdən xilas edir -
Qidalanma
84

Bu qidalar qəbizlikdən xilas edir - Təəccüblənəcəksiniz

Qəbizliyin ən çox rast gəlinən səbəblərindən biri düzgün qidalanmamanın nəticəsidir. Ağ çörək, ağ undan bişmiş məmulatlar (bulka və s.), yağlı ət və balıq bulyonları, qızardılmış və duzlu yeməklər, tünd çay, şokolad, makaron məmulatları daim qəbul edildikdə qəbizliyə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, quru meyvələr, yaşıl çay və çobanyastığı dəmləməsi bağırsaq fəaliyyətini yaxşılaşdırır.

Qəbizlikdən qurtulmaq üçün məsləhətlər:

1. Bal əlavə olunmuş su
Səhər acqarına 1 çay qaşığı bal qatılmış 1 stəkan ilıq su için. Bu, bağırsaqların motorikasını yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkən insan gündə bol maye qəbul etməlidir. Yaşıl çay, təmiz su, evdə hazırlanmış kompotlar məsləhətlidir. Qara çay, qazlı içkilər və kola isə əks-göstərişdir.

2. Faydalı sıyıqlar
Qarabaşaq, qəhvəyi düyü, yulaf (“herkules”), darı yarmasından bişirilən sıyıqlar qəbizlik üçün çox faydalıdır. Onları süddə deyil, suda bişirmək tövsiyə olunur. Bişdikdən sonra sıyığa 1 çay qaşığı zeytun yağı əlavə edin. Həmçinin qurudulmuş meyvələr (kişmiş, qara qavalı, əncir, ərik) sıyıqlara qatıldıqda təsiri artır.

3. Tərəvəz salatları
Çuğundur, kök, kələm, alma, pomidor, xiyar, göyərti və digər tərəvəzlərdən hazırlanmış salatlar bağırsaqların işləməsinə kömək edir. Onlara zeytun yağı və limon şirəsi əlavə etmək olar.

4. Süd məhsulları
Yağı az olan kefir, yoqurt, xama bağırsaqların fəaliyyətini normallaşdırır. Xüsusilə 1 stəkan kefirə 1 xörək qaşığı zeytun yağı əlavə edib içmək uzunmüddətli qəbizlikdə faydalı hesab olunur.

5. Quru meyvələr
Əncir, ərik qurusu, qara qavalı və kişmiş qəbizliyin qarşısını alır. Onları axşamdan suda isladıb səhər sıyığa əlavə etmək olar. Həmçinin qarışıq dəmləmə hazırlanaraq gündəlik qəbul edilə bilər.

6. Çobanyastığı dəmləməsi
Çobanyastığı bağırsaqlara müsbət təsir edir, köp və qazı aradan qaldırır. Axşam yatmazdan əvvəl yarım stəkan içmək məsləhətdir. Bundan əlavə, çobanyastığı sakitləşdirici təsir göstərir.

7. Buğda kəpəyi
1 xörək qaşığı buğda kəpəyini axşamdan suda isladıb səhər içmək, həmçinin salat və şorbalara əlavə etmək bağırsaq fəaliyyətini tənzimləyir.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun