Sağlamlıq
Həkim: Gözlərin önündə üzən nöqtələr retinanın ayrılmasına işarə ola bilər -
Sağlamlıq
103

Həkim: Gözlərin önündə üzən nöqtələr retinanın ayrılmasına işarə ola bilər - EHTİYATLI OLUN

Gözlərin önündə üzən nöqtələr və ya “üzənlər” demək olar ki, hər kəsdə zaman-zaman müşahidə olunur. Adətən bu, gözün vitreus cismindəki dəyişikliklərlə bağlı olur. Lakin görmə sahəsində qəfil “qar yağması”, işıq parıltıları və ya “pərdə” hissi retina yırtılması və ayrılmasının xəbərçisi ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə "Vision" Oftalmologiya Mərkəzinin həkimi Kristina Qorbaçova məlumat verib.

Həkimin sözlərinə görə, “üzənlər” vitreus cismindəki kollagen liflərinin kölgələridir. Yaş artdıqca vitreus mayeləşir, liflər toplanır və retinadan soyulur. Bu proses arxa vitreoz ayrılması adlanır və həmin anda Weiss halqası, flaşlar və parıltılar meydana çıxa bilər.

Qorbaçova bildirib ki, təhlükəli əlamətlərə qəfil çoxlu “milçək”lərin görünməsi, işıq parıltıları, görmə sahəsində “pərdə” hissi və görmənin kəskin zəifləməsi daxildir. Bu, retina yırtılmasının başlanğıcı ola bilər və təcili genişlənmiş bəbəklə müayinə tələb edir.

Risk qrupuna yüksək dərəcəli miyopiyası olan şəxslər, periferik distrofiyalardan əziyyət çəkənlər, daha əvvəl retina yırtılması və ya ayrılması keçirənlər daxildir. Bundan əlavə, göz travmaları, katarakt əməliyyatı və doğuş zamanı güclü gərginlik də risk faktorları sırasındadır.

Retina yırtılması aşkar edilərsə, lazer laxtalanması ilə ayrılmanın qarşısı alınır. Ayrılma baş verdikdə isə ən yaxşı nəticələr cərrahi müdaxilə ilə əldə edilir, xüsusən də makula zədələnməyibsə.

Əgər “üzənlər” uzun müddətdir mövcuddursa, az saydadır və işıq parıltıları ilə müşayiət olunmursa, təcili müdaxiləyə ehtiyac olmur. Diaqnoz üçün əsas metod genişlənmiş bəbəklə fundusun müayinəsidir, əlavə hallarda ultrasəs və optik koherens tomoqrafiyasından da istifadə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun