İspaniyalı alimlərin apardığı meta-analiz siqaret çəkmə ilə intihar davranışı arasında əlaqə olduğunu göstərib.
E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri International Journal of Environmental Research and Public Health jurnalında dərc olunub.
“Siqaret çəkənlərdə intihar riski 2,5 dəfə yüksəkdir. Lakin bu göstərici siqareti tərgidənlərdə nisbətən azalır. Məsələn, siqaret çəkənlərdə intihar düşüncələrinin yaranma ehtimalı 1,84 dəfə yüksəkdirsə, tərgidənlərdə bu göstərici 1,35 dəfədir”, – deyə tədqiqatın həmmüəllifi, Kastelyon vilayət xəstəxanasından doktor İvan Eçevarriya bildirib.
COVID-19 pandemiyası dövründə aparılan müşahidələrə görə, siqaret çəkən qadınlarda intihar riski kişilərlə müqayisədə daha yüksək olub. Bununla belə, uğursuz intihar cəhdlərinin çoxu kişilərin payına düşüb.
Araşdırmanın digər müəllifi, doktor Antonio Covani, əldə olunan məlumatların intiharın qarşısının alınması planlarına daxil edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda spirtli içkilərdən fərqli olaraq, siqaret müstəqil risk amili hesab edilmir. Ancaq elmi dəlillər göstərir ki, siqaret də intihar üçün təhlükəli vərdişlər siyahısına salınmalıdır.
Mütəxəssislər siqaretlə intihar arasındakı əlaqəni nikotinin mərkəzi sinir sisteminə təsiri ilə izah edirlər. Nikotin beyində emosiyaların formalaşmasında iştirak edən hipokampda serotonin səviyyəsini azaldır.
“Ən güclü hipotezalardan biri odur ki, depressiya və intihar neyromediatorların – serotonin, noradrenalin və dopaminin azalması ilə bağlıdır. Siqaret bu dəyişiklikləri daha da gücləndirə bilər. Onun təsiri antidepresantların əksinədir və nəticədə depressiv və həyəcanlı əlamətləri artıraraq intihar riskini yüksəldə bilər”, – deyə Kardinal Errera Universitetindən Qonzalo Haro bildirib.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az