Xəstəliklər
Dodaqlarda herpes üçün
Xəstəliklər
66

Dodaqlarda herpes üçün praktik məsləhətlər

ÜST-ün məlumatına görə, herpes virusunun hər iki tipi ilə insanların 90%-ə qədəri yoluxub.

E-saglam.az xəbər verir ki, əksər hallarda bu infeksiya heç bir simptom vermir, amma bəzi insanlar mütəmadi olaraq dodaqlarda və üzdə xoşagəlməz səpkilərlə qarşılaşırlar. Bəs onlardan daha tez xilas olmaq mümkündürmü?

Herpes virusu iki əsas tipə bölünür: birinci tip (HSV-1) adətən ağız-burun təması ilə, ikinci tip (HSV-2) isə cinsi yolla yoluxur. Üzdəki səpgilər çox vaxt HSV-1 ilə bağlıdır, lakin bəzən HSV-2 də oxşar simptomlar verə bilər. Təəssüf ki, herpesdən tamamilə xilas olmaq mümkün deyil – virus ömür boyu orqanizmdə qalır. Buna görə də herpesə qarşı "tam müalicə" vəd edən hər hansı üsula inanmamaq lazımdır.

Virus adətən immunitet zəifləyəndə özünü göstərir. Stress, infeksiyalar, yuxusuzluq, azhərəkətli həyat tərzi, hətta menstruasiya belə herpesin aktivləşməsinə səbəb ola bilər.

İlk əlamətlər nələrdir?

Herpesin başlanğıcında dodaq ətrafında göynəmə, sancı və kiçik şişlik hiss olunur. 1–2 gün sonra içi maye ilə dolu xırda ağrılı qabarcıqlar yaranır. Bəzən onlar yalnız dodaqlarda yox, burnun kənarında, yanaqlarda və ya ağız boşluğunda da çıxa bilər. Səpkilər 7–10 gün ərzində sağalır, amma bu müddətdə narahatlıq yaradır.

Əgər herpeslə ilk dəfə qarşılaşırsınızsa, simptomlar daha ağır ola bilər: qızdırma, boğaz ağrısı, baş ağrısı, limfa düyünlərinin böyüməsi müşahidə olunur. Buna görə də herpesin ilkin əlamətlərini bəzən soyuqdəymə ilə səhv salırlar.

Bu halda nə etməliyik?

  • İlk dəfə herpeslə qarşılaşmısınızsa, mütləq həkimə müraciət edin. Adətən antiviral dərmanlar və yerli vasitələr təyin olunur.

  • Səpkilərin olduğu nahiyəni təmiz və quru saxlayın, kosmetikadan istifadə etməyin və qabarcıqlara toxunmayın.

  • İnfeksiyanın irinləməsinin qarşısını almaq üçün antiseptik əsaslı vasitələrdən istifadə edin.

  • Ağrını azaltmaq üçün ibuprofen kimi reseptsiz ağrıkəsicilər kömək edə bilər.

  • Sağlam həyat tərzi, düzgün yuxu və balanslı qidalanma relapsların qarşısını almağa yardım edir.

Sağalmanı sürətləndirmək mümkündürmü?

Herpesdən tamamilə tez qurtulmaq olmasa da, bəzi vasitələr prosesi yüngülləşdirə bilər:

  • Məleyan (melissa) ekstraktı – qızartı və şişkinliyi azalda bilər, eyni zamanda bakterial infeksiyanın qarşısını almağa kömək edir.

  • Soyuq kompreslər və buz – sağalmanı sürətləndirməsə də, ağrını və iltihabı azaldır.

  • Aloe vera – iltihabəleyhinə təsiri ilə tanınır və yaraların sağalmasına dəstək ola bilər.

Günəşdən qoruyucu krem – səpkilərin günəş şüaları ilə ağırlaşmasının qarşısını alır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun