Qastroenteroloq Alena Trapeznikova bağırsaq xərçənginin inkişaf riskini artıran əsas amilləri açıqlayıb.
E-saglam.az xəbər verir ki, onun fikirlərini “Veçernyaya Moskva” nəşri sitat gətirib.
Trapeznikova bildirib ki, bəzi risk faktorlarının qarşısını almaq mümkün deyil. Bunlar arasında irsi meyl və yaş xüsusilə önə çıxır. Yaş artdıqca bağırsaq xərçənginə tutulma ehtimalı da yüksəlir.
Eyni zamanda, həkim qeyd edib ki, risk faktorlarından yayınmaqla xəstəliyin inkişaf riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Belə ki, siqaret və alkoqol istifadəsi bədxassəli bağırsaq xəstəliklərinin riskini artırır. Bundan əlavə, qırmızı və xüsusilə işlənmiş ətin çox istehlakı, lif çatışmazlığı, piylənmə və hərəkətsiz həyat tərzi də təhlükəli amillər sırasındadır.
Trapeznikova həmçinin vurğulayıb ki, ülseratif kolit və Kron xəstəliyi kimi iltihablı bağırsaq xəstəlikləri də xərçəngə tutulma riskini yüksəldir.
Qastroenteroloq risk faktorları olsa belə, bağırsaq xərçənginin qarşısını almağın mümkün olduğunu bildirib. Bunun üçün pis vərdişlərdən imtina etmək, balanslı qidalanmaq, müntəzəm idmanla məşğul olmaq və vaxtında tibbi müayinələrdən keçmək vacibdir.
Tərcümə: Könül Oruc