Bir çox qadın menstruasiya zamanı ağrını adi hal kimi qəbul edir.
E-saglam.az xəbər verir ki, amma mama-ginekoloq Yuliya Artemenko xəbərdarlıq edir ki, bu ağrılar bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola bilər.
Həkimin sözlərinə görə, menstrual dövrdə ağrıların ən geniş yayılmış səbəbi endometriozdur – bu zaman uşaqlığın daxili selikli qişasına bənzər toxuma onun hüdudlarından kənarda inkişaf edir. Digər mümkün səbəb isə uşaqlıq miomasıdır. Miomanın ölçüsündən və yerləşməsindən asılı olaraq ağrı zəif və ya çox güclü ola bilər.
Bundan başqa, adenomioz (uşaqlığın əzələ qatında endometrium toxumasının böyüməsi), ilkin anatomik anomaliyalar və çanaq orqanlarının iltihabi xəstəlikləri də ağrıya səbəb ola bilər. Əgər ağrılar bədən hərarətinin qalxması və xoşagəlməz qoxulu axıntı ilə müşahidə olunursa, bu, infeksiyanın əlaməti ola bilər.
Artemenko bildirir ki, bəzən ağrının səbəbi hormonal pozğunluq, stres, emosional gərginlik və ya uşaqlığın daralmasına səbəb olan maddələrin (prostaqlandinlərin) çoxluğu olur.
Həkim menstruasiya zamanı şiddətli və davamlı ağrılar yaşayan qadınlara vaxtında müayinədən keçməyi tövsiyə edir.
Tərcümə: Könül Oruc