Tibbi xəbərlər
Nefroloq böyrək xəstəliyinin
Tibbi xəbərlər
11

Nefroloq böyrək xəstəliyinin erkən əlamətlərini aşkar etdi

Böyrək xəstəlikləri uzun müddət heç bir ağrı vermədən inkişaf edə bilər. Buna görə də mütəxəssislər erkən əlamətləri vaxtında tanımağın vacib olduğunu vurğulayırlar.

E-saglam.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin baş nefroloqu, tibb elmləri doktoru, professor Yevgeni Şilov bildirib ki, böyrəklərdə yaranan problemlər ilk növbədə sidikdə baş verən dəyişikliklərlə özünü göstərə bilər.

Həkimin sözlərinə görə, sidikdə həddindən artıq köpüklənmə zülal itkisinin əlaməti ola bilər. Sidiyin çəhrayı, qırmızı, qəhvəyi və ya kola rənginə çevrilməsi isə sidikdə qan olmasını göstərə bilər və bu halda mütləq həkimə müraciət edilməlidir. Sidik miqdarının nəzərəçarpacaq dərəcədə azalması və ya artması da diqqətdən kənarda qalmamalıdır.

Mütəxəssis qeyd edib ki, böyrək xəstəliklərinin digər vacib əlamətlərindən biri şişkinlikdir. Böyrəklər artıq mayeni orqanizmdən xaric edə bilmədikdə, maye toxumalarda toplanmağa başlayır. Bu zaman xüsusilə səhərlər göz qapaqlarında şişkinlik yarana bilər. Şişkinlik ayaqlarda, topuqlarda, əllərdə və qarın nahiyəsində də müşahidə oluna bilər.

Professor əlavə edib ki, səbəbi izah olunmayan yorğunluq, halsızlıq, dərinin solğunlaşması, iştahanın azalması, ürəkbulanma və davamlı yüksək qan təzyiqi də böyrək problemlərinin əlaməti ola bilər.

Mütəxəssislər bu simptomlardan hər hansı biri müşahidə olunduqda vaxt itirmədən həkim müayinəsindən keçməyi tövsiyə edirlər. Erkən diaqnoz böyrək xəstəliklərinin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun