Yaşlanma üçün "sehrli həb" axtarışı bir çoxlarını xüsusi uzunömürlülük geninin mövcudluğuna inandırır.
E-saglam.az-ın məlumatına görə, Piroqov Universitetinin Rusiya Gerontoloji Tədqiqat və Klinik Mərkəzinin Qocalmanın Öyrənilməsi İnstitutunun elmi işçisi, fəlsəfə doktoru Mixail Bolkov bildirib ki, uzunömürlülüyə cavabdeh olan ayrıca bir “genetik düymə” mövcud deyil.
Onun sözlərinə görə, genetika insanın ömür uzunluğuna orta hesabla cəmi 10 faiz təsir edir. Qalan 90 faiz isə həyat tərzi, yaşanılan mühit, qidalanma, fiziki aktivlik və stress səviyyəsi kimi amillərlə bağlıdır.
“İnsan orqanizmində təxminən 21 min əsas gen və 270 minə yaxın tənzimləyici gen var. Tək bir uzunömürlülük geni yoxdur. Bu, orqanizmin xarici təsirlərə verdiyi cavabların yaratdığı mürəkkəb və mozaik bir sistemdir”, – deyə alim izah edib.
Bolkov qocalmanı sürətləndirən əsas faktorlardan birinin xroniki iltihab olduğunu vurğulayıb. Yaş artdıqca zədələnmiş və ölmüş hüceyrələr orqanizmdə toplanır. Bu isə bədəndə daimi, lakin zəif səviyyəli iltihab siqnallarının yaranmasına səbəb olur.
Nəticədə toxumaların və orqanların normal fəaliyyəti pozulur, bərpa mexanizmləri zəifləyir və qocalma prosesi daha sürətli şəkildə irəliləyir.
Tərcümə: Könül Oruc