Balıq bulyonu təkcə dadlı yemək deyil, həm də orqanizm üçün faydalı qida mənbəyi hesab olunur.
E-saglam.az xəbər verir ki, aşpaz Nurəli Muradov müsahibəsində balıq bulyonunun az bilinən sağlamlıq faydalarından danışıb.
Onun sözlərinə görə, həftədə iki-üç dəfə balıq yemək orqanizmi protein, omeqa-3 yağ turşuları və müxtəlif mikroelementlərlə təmin edir. Lakin hər kəs müntəzəm olaraq mürəkkəb balıq yeməkləri hazırlamır. Bu halda balıq bulyonu daha sadə və faydalı alternativ hesab olunur.
Mütəxəssis qeyd edir ki, balıq bulyonu asan həzm olunan protein və təbii kollagen mənbəyidir. Bu maddələr oynaqların, dərinin və bağların sağlamlığı üçün vacibdir. Tərkibində olan qlisin kimi amin turşuları isə bərpa proseslərini sürətləndirir və sinir sisteminin rahatlamasına kömək edir.
Bulyon həmçinin yod, fosfor və kalium kimi mühüm minerallarla zəngindir. Bu maddələr maddələr mübadiləsini, qalxanabənzər vəzinin fəaliyyətini və ürək-damar sistemini dəstəkləyir. Balıq bulyonu orta kalorili olsa da, uzun müddət toxluq hissi yaradır.
Muradov bildirib ki, isti və zəngin bulyon bədəni yormadan doyurur. Buna görə də o, tez-tez xəstəlikdən, stressdən və ya ağır iş yükündən sonra bərpa dövründə qidalanmaya daxil edilir.
Mütəxəssisin sözlərinə görə, balıq bulyonunu hazırlamaq düşündüyündən daha asandır. Sadə variantın bişirilməsi cəmi 20–25 dəqiqə çəkir və hazır bulyon soyuducuda üç günə qədər saxlanıla bilər.
Aşpaz həmçinin bu yeməyi gündəlik qidalanmaya daxil etməyin bir neçə üsulunu tövsiyə edir. Məsələn, həftədə iki dəfə şam yeməyində ağır qarnirlər əvəzinə yüngül şorba hazırlamaq, bulyonu nahar üçün əsas kimi istifadə edib əriştə və tərəvəz əlavə etmək və ya idmandan və ya soyuqdəymədən sonra qidalandırıcı yemək kimi qəbul etmək mümkündür.
Asiya mətbəxinə aid bu resept şəffaf balıq bulyonu əsasında hazırlanır.
İki porsiya üçün bulyon hazırlamaq üçün 500–700 qram təzə balıq, 1,5–2 litr su, bir ədəd orta ölçülü soğan, 5–7 ədəd qara bibər dənəsi və dadına görə duz istifadə olunur.
Süfrəyə vermək üçün isə 150 qram əriştə, 150 qram hisə verilmiş ilanbalığı və ya skumbriya, 2 xörək qaşığı soya sousu, 3–4 ədəd qurudulmuş şiitake göbələyi (və ya 5–6 ədəd şampinyon), bir ovuc daikon və ya soya cücərtiləri, 1–2 qaynadılmış yumurta və yaşıl soğan lazımdır. Yeməyə son toxunuş kimi küncüt yağı, nori və laym qabığı əlavə olunur.
Hazırlamaq üçün əvvəlcə soğan və qara bibər soyuq su ilə birlikdə qazana qoyulur və qaynadılır. Daha sonra balıq əlavə edilir, ocaq zəif odda saxlanılır və təxminən 20 dəqiqə bişirilir. Hazır bulyon tənzifdən süzülərək şəffaf hala gətirilir və dadına görə duz əlavə olunur.
Daha sonra isti bulyona göbələklər və soya sousu qatılır və 10–15 dəqiqə saxlanılır. Ayrı qabda bişirilmiş əriştə, balıq tikələri, yumurta yarıları, cücərtilər və doğranmış göbələklər qablara yerləşdirilir. Üzərinə qaynar bulyon əlavə edilir, küncüt yağı damızdırılır və nori ilə laym qabığı ilə birlikdə isti halda süfrəyə verilir.
Tərcümə: Könül Oruc